"Sıx qrafik üzündən "Neftçi" ilə kubok oyunundan sonra istirahət etmədik. Səhəri məşq etdik, ardından isə Qəbələdə bir araya gəldik. Artıq bütün diqqətimizi çempionat oyununa yönəltmişik".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. "Qəbələ"ni 1 həftədə "Neftçi" ilə ardıcıl 3 sınaq gözləyir. Bunlardan 2-si ölkə kubokunun yarımfinal matçlarıdır. Bugünkü oyun isə çempionatın XXXII turuna təsadüf edir.
Qriqorçuk bir rəqiblə qısa müddətdə 3 dəfə görüşmələrindən narahatlıq keçirmədiklərini bildirib: "Futbolda belə halla tez-tez qarşılaşırsan. Bu, təkcə Azərbaycan çempionatında yox, başqa ölkələrdə də olur. Buna görə də belə ardıcıllığa tam sakit yanaşıram. Başa düşürük ki, "Neftçi" çox ciddi rəqibdir. Əvvəl dediyim kimi, bu komanda xoşuma gəlir, ona böyük hörmətlə yanaşıram. Mən bilirəm ki, "Neftçi" ilə bütün oyunlarımız prinsipialdır. Həmin matçlar yaxşı mübarizə şəraiitndə keçir. Qarşıdakı oyun da məhz belə gərgin, maraqlı olacaq".
"Neftçi"nin Avropa Liqasına vəsiqə qazanma şansı daha çox ölkə kubokunda olduğundan, gücünü Qəbələdə çempionat yox, kubok oyununa qoyacağı gözlənilir. Bəs ukraynalı mütəxəssis bu haqda nə düşünür? "Mən "Neftçi"nin hansı planının olduğunu bilmirəm. Bunu bilə bilmərəm. Onu deyə bilərəm ki, çox simpatiyalı komandadır. "Neftçi"də xeyli maraqlı futbolçu var. Bu, o deməkdir ki, komanda güclüdür. Mən elə hesab edirəm ki, "Neftçi" hansısa səbəbdən turnir cədvəlində öz gücünə uyğun yerdə deyil. Rəqib daha çoxuna layiqdir".
Qeyd edək ki, "Neftçi" 3 gündə 2 dəfə meydana çıxacağı Qəbələdə bu mövsüm hələ 1 oyun keçirib. Həmin matc komandanın "Qəbələ"ni 1:0 hesablı məğlub etməsi ilə nəticələnib.