"Avropa çempionatında bəzi oyunları izləmək üçün Zaqrebdən Parisə uçdum. Təyyarə o qədər yüklənmişdi ki, qəza olacağından qorxurdum. Bir qədər sonra ikinci şok hadisə oldu. "Şarl de Qol" hava limanına eniş etdikdən sonra bomba həyəcanı yaşandı. Lakin iki saat ərzində xüsusi təlim görmüş itlərin reydindən sonra xəbərin yanlış olduğu müəyyənləşdi".
Sportnet.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.
Xorvatiya millisinin Avro-2016-da Türkiyəyə 1:0 hesabı ilə qalib gəldiyi oyun haqda danışan Prosineçki ölkəsinin yığmasının qələbə qazanmasına sevindiyini bildirib: "Hava limanından çıxıb taksi ilə qalacağımız otelə gəldik. Xorvatiya - Türkiyə oyunu artıq başa çatmışdı. Oyunu izləyə bilmədim. Ancaq sevindirici məqam o idi ki, Xorvatiya yığması qalib gəldi. Axşam saatlarında restorana gedərək Draqo Kosiç və Tomislav Zidakla bu qələbəni bayram etdik. Lakin mənim çox vaxtım yox idi. Çünki DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan
Çexiyanın İspaniya ilə oyununu izləməli idim".
47 yaşlı mütəxəssis Türkiyə millisindən daha yaxşı oyun gözlədiyini bildirib: "Açığı, türklərdən qorxurdum. Onlardan yaxşı oyun gözləyirdim. Lakin Fatih Terim komandasını bu oyuna lazımi səviyyədə hazırlaşdıra, eləcə də Arda Turanı motivasiya edə bilməmişdi. Mən türklərin Sloveniya ilə yoldaşlıq matçını da izləmişdim. Arda həmin görüşdə də yaxşı oynamadı. Görünür, Arda "Barselona"da mövsümün ilk yarısında oynamamasının əzabını çəkir. Hakan Çalhanoğlu da gözlənilənləri vermədi. Luka Modriçə gəlincə, onun matçın əsas fiquru olacağını gözləyirdim. Turnirə yaxşı başladıq. Bundan daha artığına nail olmağımız üçün Çexiya ilə görüşdən də yaxşı nəticə ilə ayrılmalıyıq. Niyə də qrup birincisi olmayaq?" (Qol.az).