1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Məmmədov: "Klubun borcunu bağlamaq AFFA-ya problemdir" - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədovun Sportnet.az-a müsahibəsi
- Həvəskar futbolçuların "MFL San Marino Kuboku"nun final oyununu izlədiniz, mükafatlandırma mərasimində iştirak etdiniz. Necə təəssürat yaratdı? Özünüz meydana çıxmaq istəmədiniz?
- Düzü, çox istəyirdim. 1990-ci illərin sonu - 2000-ci illərin əvvəlində mənimlə birgə oynamış futbolçuları, idmançıları burda gördüm. O vaxt birgə həvəskar liqasında iştirak etmişdik. Bu gün də böyük həvəslə oynamaq istədim. Mənə bu gün məlumat verdilər ki, MFL təşkilatı gələn aydan uzun müddətli çempionat yaratmaq istəyir. Orda hər bir həvəskarın iştirak etmək imkanı olacaq. Sözün düzü, mən artıq ciddi düşünürəm ki, dostlarla bir komanda yaradaq və biz də oynayaq. Çünki biz peşəkar futbolçular deyilik axı. Ona görə rahat oynaya bilərik. Bu gün çox gözəl bayram ab-havası var idi. Sevindirici haldır ki, insanlar cavanlar, idmanla yaşayırlar. Bu, yaxşı haldır.
- Azarkeşlər haqda nə deyə bilərsiniz? Maşallah, bəzi çempionat oyunlarından çox idi...
- Düşünürəm ki, belə oyunlara daha çox azarkeş, ailə üzvləri də gələ bilər. Onlar da öz yaxınlarına azarkeşlik edə bilərlər. Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev də burda idi. Onunla bu məsələni müzakirə etdik. Belə bir fürsət varsa, bundan yararlanmaq lazımdır. Burada uşaq meydançaları yaratmaq lazımdır ki, insanlar öz ailələri ilə gəlsinlər, uşaqları da burda oynasın, istirahət etsinlər. Gördüyünüz kimi, yanda olan meydançada uşaqlar futbol oynayırdılar. Bu da sağlam həyat tərzinin keçirilməsidir və idmanın yaxşı bir təbliğatıdır. Belə həvəskar turnirlər, yarışlar nə qədər çox olsa, bizim üçün bir o qədər yaxşıdır.
- Məlum olduğu kimi, bu tip yarışlar dünyada var. Bu, turnir idi. Bəs çempionatının qalibinin AFFA-nın dəstəyi ilə hansıxa beynəlxalq yarışa göndərilməsi mümkündür?
- Təbii ki, bu fikir var. Açığı, bu liqanın təqdimatını eşidəndə, bəyəndik və ona görə dərhal dəstək göstərdik. Elan elədik ki, qalibləri AFFA-nın hesabına milli komanda ilə birgə San-Marinoya göndərəcəyik. Təbii ki, bunu həyata keçirəcəyik. Artıq viza məsələlərini həll edəcəyik. Növbəti mərhələ odur ki, qaliblər digər öklələrin həvəskar liqalarının qalibləri ilə oynasınlar.
- Ölkədə belə stadionlar çox olsa da, uşaqlar, valideynləri qiymətlərindən narazıdır. Bəs buranın qiyməti nə qədərdir?
- Açığı, məncə, burada 1 saatı 50-60 manatdır. Dəqiq bilmirəm. ola bilər ki, daha ucuzdur.
- Bu baha deyil?
- Bu, onların qərarıdır. Tələbat varsa, niyə də yox? Əsas tələbat olmalıdır.
- Meydanda olanlar heç də mili komandanın futbolçularından geri qalmır. Ola bilərmi ki, onları San-Marino ilə oyunda yenidən meydanda görək? Xüsusilə də qalib komandanın qapıçısını...
- Artıq qeydiyyatdan keçirmək gecir (gülür). Həmin qapıçı çox yaxşı oynadı. Təəssüflər olsun ki, futzal yığmamızın qapıçılarla işləyən məşqçisi burada yox idi. Əslində, çox yaxşı qapıçıdır. Məncə, bizdə peşəkar liqada rahat oynaya bilər. Əvvəlki illərdə oynayıb. MFL turnirində qayda var ki, minimum 3 il peşəkar futboldan kənarda olmalısan.
- Milli komandamız sentyabrda yeni seçmə mərhələyə başlayır. Robert Prosineçkinin baş məşqçisi olduğu yığmadan nə gözləyirsiniz?
- Təbii ki, ilk oyundan - San-Marino ilə səfər matçından yalnız 3 xal gözləyirik. Ümumilikdə götürdükdə, bu, Robert Prosineçki üçün yeni seçmə mərhələdir. Bildiyiniz kimi, əvvəlki seçmə mərhələdə işinə ortadan başladı. Məncə, milli komandamız hal-hazırda seçmə mərhələyə tam hazırdır. Üç yoldaşlıq görüşü keçirdik. Bu, may - iyun aylarında oldu.
- Yeni futbolçular olan Emin Mahmudov, Ramil Şeydayevin gəlişi milli komandamıza marağı daha da artıracaq. Hər halda, "Trabzonspor" və "Boavişta"nın futbolçularının millidə oynaması fürsəti hər zaman ələ düşmür...
- Təbii ki. Biz çox sevindik ki, Ramil Şeydayevlə Emin Mahmudov Azərbaycan millisində, doğma yığmalarında oynamağa razılıq verdilər. Bu futbolçulara böyük ümidlərimiz var. Çünki gənc futbolçulardır. Təbii ki, Emin daha yaşlıdır. Ancaq daha yaşlıdır deyəndə ki, cəmi 24 yaşı var.
- Mahmudov 1992, Şeydayev isə 1996-cı il təvəllüdlüdür..
- Bəli. Ramil peşəkar karyerasına demək olar yeni başlayıb. Türkiyəyə getməsi də sevindirici haldır. O, "Trabzonspor"un futbolçusudur. Əsas odur ki, start heyətində oynasın.
- Dəniz Yılmaz San-Marino yığması ilə rəsmi oyuna çağırılan heyətdə yoxdur. Onun məsələsi nə yerdədir?
- Açığı, Dənizlə bağlı sürpriz xəbəri vermək istəyirdik. Ancaq o, artıq Türkiyə mətbuatına xəbər verib. Biz onun Azərbaycan yığmasında oynaması ilə bağlı FİFA-ya müraciət etdik. FİFA-nın müvafiq komitəsi qərar qəbul etməlidir. Dənizin oynamaq variantı indinin məsələsi deyil. Onunla son 2,5 ildə əlaqədə olmuşuq. Bir dəfə Bakıya da gəlmişdi. O zamanlar razılığını bildirdi. Ancaq son aylarda millimizdə oynamaqla bağlı daha da təşəbbüs göstərdi. Biz düşündük ki, niyə də yox? Bura ilə bağlantısı varsa və futbolçu özü milli komandada oynamaq istəyirsə, ona bu şansı vermək lazımdır. Hazırda FİFA-nın qərarını gözləyirik. Çünki Yılmaz Türkiyənin gənclər yığmasında oynayıb. Buna görə də FİFA-nın müvafiq qərarı olmalıdır. Dəniz Türkiyənin U-17 yığmasında hətta Avropa çempionatının qalibi olub.
- Portuqaliya klubundan ayrılmalı olan Elnir Cəfərovun məsələsi nə yerdədir?
- Xorvatiyanın yüksək liqasında oynayan 2 klubla danışıqlar gedir. Çox güman ki, tezliklə Elnurun həmin komandanın üzvü olması xəbərini eşidəcəyik. Düzü, 2 klub olduğundan, ad çəkə bilmirəm. Gəlin, bir az gözləyək, çünki məsələ tam həll olunmayıb. Təbii ki. Elnurun çox müsbət keyfiyyəti var. Ancaq bir müsbət cəhətini də deməliyəm ki, xaricdə oynamaq istəyir. Baxmayaraq ki, Portuqaliyada karyerası alınmadı. Qayıdan kimi yenə təşəbbüs göstərdi və arzuladı ki, bir daha xaricdə oynasın. Biz də bunun gerçəkləşməsinə çalışırıq. Milli komandanın futbolçuları nə qədər çox xaricdə yüksək liqada oynasalar, bir o qədər yaxşıdır.
- "Qəbələ", "Neftçi" "Qarabağ"ın Avropa Liqasında qrupa düşməsindən, avrokuboklarda uğurlar qazanmasından sonra bu seçmə mərhələ millimiz üçün adından söz etdirmək üçün bir imkan deyilmi?
- Təbii ki, klublarımızın 2012-ci ildən mütəmadi olaraq qrupda oynaması çox gözəl haldır. "Neftçi" bu qapını açdı və ayağı yüngül oldu. Bundan sonra "Qarabağ"la "Qəbələ” qrup mərhələsinin iştirakçısı oldu. Ümid edirəm ki, onlar bi il də bizi məyus etməyəcəklər və yenə qrupa düşəcəklər. Klublarımız qrupda oynayanda azərbaycanlıların Avropa Liqasına marağı daha da artır. Minimum dekabrın sonunadək Avroliqanı diqqətlə izləyirik və azarkeşlik edirik. Bu, milli üçün də yaxşıdır. Çünki oradakı futbolçular mütəmadi oynamalqla beynəlxalq təcrübə qazanırlar. Hərdən deyirlər ki, məsələn, "Qəbələ"də milli komandanın 1-2 futbolçusu oynayır. O da minimum komandanın 10 faizdir.
- Azərbaycanda 2 dəfə çempion olmuş "Bakı" klubu artıq tarixin yaddaşına köçdü. Eləcə də "Xəzər Lənkəran", "Simurq". Bu haqda nə deyə bilərsiniz?
- Təbii ki, çox təəssüfləndirici haldır. Biz AFFA olaraq onlara dəstək verməyə çox çalıdşıq. Problem ondadır ki, FİFA-nın sanksiyasına düşən kluba tam dəstək göstərə bilmirik. Yaxud onun borclarını bağlamalıyıq. Təbii ki, bu da AFFA üçün problemdir. "Xəzər Lənkəran" və "Bakı" klublarının çox gözəl bazaları var. Təəssüf ki, indi az istifadə olunur. Ancaq daha çox istifadə oluna bilərdi. Ümid edirəm ki, həmin klublar bərpa olunacaqlar və onları I Divizonda daha aktiv, sonra isə Premyer Liqada görəcəyik. Hazırda Azərbaycan futbol klubları səviyyəsində minimum həddə gəlib çatıb. Ancaq bundan sonra say artacaq və növbəti mövsüm Premyer Liqada 10-12 komanda iştirak edə biləcək.
- Növbəti seçmə mərhələdə milli komandamızın ev oyunlarında stadionda rotasiya gözlənilir? Oyunların Bakı Olimpiya Stadionuna və yaxud "Əlincə Arena"ya salınması mümkündür?
- Çox güman ki, rotasiya olacaq. Biz oyunların əksəriyyətini Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırırdıq. Ancaq məsələyə baş məşqçi ilə baxdıq, düşündük. Gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarını da nəzərə almaq lazımdır. Bunların hamısı nəzərə alınaraq, digər stadionlar da istifadə olunacaq. UEFA-nın tövsiyyəsi var ki, seçmə mərhələdə bir stadion istifadə olunmalıdır. Biz artıq UEFA-ya məlumat göndərmişik ki, Bakıda 2 stadiondan istifadə hüququmuz olsun. Əsas stadion Bakı Olimpiya Stadionu, ehtiyat variant ya "Bakcell Arena", yaxud Tofiq Bəhramov adına Respublika stadionu olacaq.
- Əyalət yenə olmayacaq?
- Yox. olmayacaq. Təəssüf ki, bölgədə belə stadionumuz yoxdur.
- Bəs "Əlincə Arena?
- O stadionun tamaşaçı tutumu azdır.
Mehman Süleymanov