Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb.
Sportnet.az-ın məlumatına görə, millimiz 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə ilk dəfə mübarizəyə qələbə ilə başlayıb. Bu, az öncə yekunlaşan San Marino ilə səfər matçında 45-ci dəqiqədə Ruslan Qurbanovun başla vurduğu qolla reallaşıb.
Yığmamız arxada qalan 11 seçmə mərhələdə yalnız 1 dəfə startda məğlub olmamışdı. Bu, braziliyalı Karlos Alberto Torresin debütündə Uelslə evdə 1:1 hesablı heç-heçə olub ki, buna hazırkı kapitan Rəşad Sadıqovun cərimə zərbəsindən vurduğu gözəl qolla nail olunub. Yığmamız seçmə mərhələdə əksər vaxt - 7 dəfə səfərdə başlayıb və hamısında məğlubiyyət alıb.
Bu, millimizin tarixində rəsmi oyunlarda 2-ci səfər qələbəsi olub. Maraqlıdır ki, ilk qələbə də məhz dünya çempionatının seçmə mərhələsində, məhz "cırtdan ölkə" - Lixtenşteynlə oyuna təsadüf edib. Bu, almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında - 2009-cu ilin oktyabrın 10-da 2:0 hesabı ilə qazanılan qələbədir. Onda 55-ci dəqiqədə Vaqif Cavadov hesabı açmış, 82-ci dəqiqədə Elvin Məmmədov hesabı 2:0 etmişdi. Yeri gəlmişkən, indi də millidə olan Elvin yenə tarixi qələbənin iştirakçısı olub. Ancaq xorvatiyalı baş məşqçi Robert Prosineçki ona San Marino ilə matçda şans verməyib.
Millimizin seçmə mərhələlərdə ilk oyunları
AVRO-1996
Rmıniya - Azərbaycan - 3:0
DÇ-1998
Norveç - Azərbaycan - 5:0
AVRO-2000
Slovakiya - Azərbaycan - 3:0
DÇ-2002
Azərbaycan - İsveç - 0:1
AVRO-2004
Azərbaycan - İtaliya - 0:2
DÇ-2006
Azərbaycan - Uels - 1:1
Qol: Rəşad Sadıqov
AVRO-2008
Serbiya - Azərbaycan - 1:0
DÇ-2010
Uels - Azərbaycan - 1:0
AVRO-2012
Almaniya - Azərbaycan - 6:1
Qol: Vaqif Cavadov
DÇ-2014
Azərbaycan - İsrail - 1:1
Qol: Ruslan Abışov
AVRO-2016
Portuqaliya - Azərbaycan - 3:0
DÇ-2018
San Marino - Azərbaycan - 0:1
Qol: Ruslan Qurbanov
Mehman Süleymanov