2026-cı il dünya çempionatının C qrupunda II turun ilk oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Mərakeş millisi Şotlandiya yığması ilə üz-üzə gəlib.
ABŞ-ın Foksboro şəhərindəki "Cilett" stadionunda baş tutan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 2-ci dəqiqədə Niderland PSV-sindən dəvət almış İsmael Saybari vurub.
Bununla da Saybari 2026-cı il dünya çempionatının ən sürətli qolunun müəllifi olub. Turnirdə bundan əvvəl ən erkən qol 6-cı dəqiqədə qeydə alınmışdı. Həmin qolu iyunun 18-də Çexiya yığmasının futbolçusu Mixal Sadilek Cənubi Afrika Respublikasının milli komandasının qapısından keçirib. Oyun isə heç-heçə ilə yekunlaşıb - 1:1.
Qeyd edək ki, Mərakeş ilk turda Braziliya ilə 1:1 hesablı heç-heçə etmişdi. Şotlandiya isə Haiti üzərində minimal hesablı qələbə qazanmışdı. Bu nəticədən sonra Mərakeş xallarının sayını 4-ə çatdıraraq qrupdan çıxma şanslarını artırıb. Son turda mərakeşlilər Haiti, şotlandlar isə Braziliya ilə qarşılaşacaqlar.






















































































