Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının Avropa çempionatının seçmə mərhələsində yer aldığı 7-ci qrupda bu gün daha 2 oyun keçirilib. Sportnet.az-ın məlumatına görə, Rusiya və Avstriya arasında Moskvada keçirilən matç 1:1 hesabı ilə nəticələnib.
Ruslar 15-ci dəqiqədə Dmitri Barinovla hesabı açsalar da, qonaqlar fasilədən sonra tarazlığı bərpa edə biliblər. 55-ci dəqiqədə vurulan qolun müəllifi Arnel Yakupoviç olub. Bu oyunda 78-ci dəqiqədə meydana çıxan soydaşımız, Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev bundan 7 dəqiqə sonra sarı vərəqə alıb.
Finlandiya isə evdə Almaniyaya 0:1 hesabı ilə uduzub. Bundestimin qələbə topunun müəllifi 41-ci dəqiqədə fərqlənən Serge Gnabri olub.
Almanlar ardıcıl 8-ci qələbələrini qazanaraq 24 xalla turnir cədvəlində vahid liderdirlər. Avstriya 8 oyundan 19 xalla 2-ci, Finlandiya 12 xalla 3-cü pillədədir. Azərbaycanla Rusiya 8 xalla 4-5-ci pillələri bölüşdürürlər. Millimiz şəxsi oyunlara görə ruslardan üstün olsa da, ondan 1 matç çox - 9 qarşılaşma keçirib. Yaşar Vahabzadənin komandası qrupda 1 oyunu qaldığından, 3-cü pilləyə yüksəlmək şansı qalmayıb. Farar adaları 1 xalla qrup sonuncusudur.









































































