1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu illərin qədrini bilin, vaxtı gələndə təəssüf edəcəksiniz"
Bu gün Azərbaycanda Bilik günüdür. Sentyabrın 15-i şagirdlər və tələbələr üçün ilk dərs günü kimi yadda qalır. Peşəsindən asılı olmayaraq hər birimiz məktəbdə yaxşı-pis oxumuş, savad almağa çalışmışıq. Bu, öz yerində. Şübhəsiz ki, məktəblə bağlı hamının xatirələri də var. İlk və son dərs günlərində - son zəngdə bu xatirələr yenidən yada düşür, bir daha anılır. Maraqlıdı, görəsən "Kəpəz”in futbolçuları məktəb dövrünü necə xatırlayır?
Sportnet.az klubun rəsmi saytına istinadən futbolçuların xatirələrini təqdim edir
Tural Nərimanov: "Çətin sual oldu (bir az fikirləşir). İlk dəfə məktəbə getdiyim gün yadıma düşdü. Həyacan vardı, sıxılırdım, çətin idi. Amma parta arxasında oturanda ağlamamışam (gülür). Tədricən hər şey yoluna düşdü. Şirin, qayğısız günlər idi. Uşaq kimi çox saf idik. Mən Bakıda oxumuşam. 6-cı sinfə kimi qiymətlərim yaxşı olub. Futbola marağım başlayandan sonra diqqətim məşqlərə yönəldi. Ya oxumalı, ya da ki, futbol oynamalıydım. Mən sonuncunu seçdim. Ali təhsil də almamışam. Məktəbi qurtaran ili sənəd qəbulu vaxtı təlim-məşq toplanışında idim. Sonra da yaddan çıxdı”.
Davud Kərimi: "Mən özüm məktəbi Göyçayda oxumuşam. O vaxtı sentyabrın 1-də məktəbə gedirdik. Məktəb üçün xeyli hazırlaşırdıq, paltar alırdıq, kitab toplayırdıq. İndi qızım Bakıda 4-cü sinfə gedir, bu gün məktəbə apardım. Onunla gedib-gələndə o vaxtkı hissləri yenidən yaşayıram. Unudulmaz illərdir, yenə o günlərə qayıtmaq istərdim. İmkan olsaydı, yenidən oxuyardım. Şagird olanda düşünürdük ki, dərs tez qurtarsaydı, evə gedərdik (gülür). Amma indi kaş o günlərə qayıtmaq mümkün olardı deyə fikirləşirəm. 5 dəqiqəlik tənəffüsə, 15 dəqiqəlik böyük fasiləyə çıxıb uşaqlarla futbol oynayardıq”.
Tural Rzayev: "Məktəb illəri yadımda xoş illər kimi qalıb, indi də o günlər üçün çox darıxıram (gülümsəyir). Mən 9-cu sinfə kimi Gəncədə, sonra isə Bakıda idman liseyində oxumuşam. Müəllimlər həmişə "bu illərin qədrini bilin, vaxtı gələndə təəssüf edəcəksiniz” deyə söyləyirdilər. Amma bu sözləri qulaqardına vururduq. İndi görürəm ki, düz deyirlər. Görüşdüyüm sinif yoldaşlarım, müəllimlərim var. Onlarla əlaqəni kəsməmişəm. Tez-tez yığışıb söhbətləşirik. Elə də yaxşı oxuyan uşaq olmamışam. Fikrimiz futbolda olduğu üçün günümüz məşqlərdə keçirdi. Bədən tərbiyəsi ilə yanaşı, ədəbiyyat və tarix fənlərinə də marağım olub. Hər halda atestatımda qiymətlər 4-dür”.