"Deyəcəyim bir söz yoxdu. Deməyə söz tapmıram. İlk turda normal futbol oynayan komandanın indi belə futbol sərgiləməsi məni qayğılandırır". Sportnet.az-ın məlumatına görə, bu fikirləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının V turu çərçivəsində "Qəbələ"yə bu gün 0:3 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfansında bildirib. O, sonuncu pillədə gedən komandadan istefa vermək fikrində olduğunu söyləyib: "Ayın 24-nə kimi vaxt vermişəm. Ola bilər ki, komandanı tərk edim. Özümə zülüm edəsi deyiləm. Heç kim də deməsin ki, komandanı yarımçıq qoyub gedirəm".
Belə çıxır ki, AZAL-ın baş məşqçisi komandanın gələcəyinə ümid etmir? Əhmədovu dinləyək: "Keçən ilki heyətdən komandanın lideri Rail Məlikov və qapıçı Namaşko gedib. Murad Səttarlı da yoxdur. Onların boşluğunu doldura bilmədik. Bunun da səbəbi maliyyə problemidi. Yeni gələnlər də onları əvəz edə bilmədi. Mənim üçün çətindir. Bu büdcə ilə, belə şəraitdə nəsə etmək çox çətindir. Buna dözmək olmur. Əlimdə istədiyim futbolçular azdır. Bu gün imicdən çox gələcəyi düşünürəm. Komandanın daha aşağı getməsini istəmirəm. Mən inandığım futbolçuları komandada saxlamışam. Görünür, futbolçuların mənə inamı yoxdur. Ola bilər ki, "İnter"lə oyun mənim üçün sonuncu olacaq. Fikrimin dəyişib-dəyişməyəcəyini bilmirəm. Hər şey rəhbərliklə görüşdən sonra bəlli olacaq".
Mənbə: Futbol11.az