"Qəbələ”nin fransalı futbolçusu Baqali Dabo Azərbaycan Premyer Liqasında bombardilər siyahısında liderlik mövqeyini möhkəmləndirib.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçu "Sumqayıt”la təxirə salınan ev matçında (2:0) dubl etməklə həm oyunun əsas qəhrəmanı olub, həm də bombardirlər yarışında ən yaxın izləyicilərindən xeyli aralanıb. Hesabında 6 qol olan Dabo onu izləyən millimizin üzvü Ruslan Abışovla ("İnter”) braziliyalı hücumçu Reynaldo Silvadan ("Qarabağ”) 2 dəfə çox fərqlənib.
Maraqlıdır ki, Baqali debüt etdiyi Premyer Liqamızda fərqləndiyi matçlarda həm 1, həm 2, həm də 3 qol vurub. O, cari çempionatda hələ ki yeganə het-trikin müəllifidir ki, bunu da "Neftçi”yə səfərdə 8:0 hesabı ilə qalib gəldikləri matçda edib.
Dabonun əsas özəlliklərindən biri hazırkı mövsümdə 2 dəfə dubl edən yeganə futbolçu olmasıdır. Düzdür, o, hər ikisini Premyer Liqada etməyib. Fransalının ilk dublu Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Sloveniyanın "Maribor” klubuna "Dalğa Arena”da 3:1 hesabı ilə qalib gəldikləri oyunda olub.
Baqalinin dubllarına diqqət yetirsək, bunu çox tez etdiyini görə bilərik. O, "Sumqayıt”a 5 dəqiqəyə 2 qol vurdusa, bunu Avroliqada daha tez – 2 dəqiqəyə edib. Hər ikisi ev oyunu olsa da, "Qəbələ” həmin vaxt doğma məkanda yox, paytaxtda rəqiblərini qəbul edirdi. Dabo Qəbələdə debüt matçındaca fərqlənə bilib.
Qeyd edək ki, "Qəbələ” doğma stadionunda 4 aylıq fasilədən sonra ilk oyununu ötən tur AZAL-la (3:0) keçirsə də, onda Baqali cari mövsümdə ilk dəfə ehtiyatda qalmışdı.
Mehman Süleymanov