"Qəbələ"nin kapitanı Rəşad Sadiqovun Almaniya "Maynts"ı ilə Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra Sportnet.az-a müsahibəsi
- 2:3 hesablı məğlubiyyətinizlə başa çatan oyunu necə dəyərləndirərdiniz?
Hesabda öndə olsaq da, qələbədən məhrum olduq. Məncə, buna gücümüz çatmadı. Fiziki cəhətdən, normal vəziyyətdə idik. Amma istər-istəməz, rəqibdən bir qədər geri qaldıq. Bunun da səbəbi bəllidir: "Maynts" Almaniya Bundesliqasında oynayır. Get-gedə güc özünü göstərirdi.
- Rəşad Sadıqov Çexya komandalarından zəhləsinin getdiyini demişdi. Bəs sizin Almaniya təmsilçilərinə münasibətiniz necədir?
- Məndə heç bir komandaya nifrət yaranmayıb. Sadəcə, almanlara qarşı oynamaq doğrudan da çox ağırdır. Çünki alman maşını dayanmaq bilmir. 90-cı dəqiqədə də qabağa uçurlar.
- Bu gün meydanda zəif bir Rəşad Sadiqov gördük. Əsasən, 3-cü qolda düzgün ötürmə vermədin...
- Zəif oyunu sırf o epizodla əlaqələndirməzdim. Çünki rəqib qapısı qarşısında səhv ötürmə ola bilər. Oradan bizim qapıyadək 100 metrədək məsafə var. Zəif oyunumun səbəbi isə budur ki, açığı, rəqib imkan vermirdi. Topu alan kimi qarşında 2-3 futbolçu peyda olurdu. Oynamaq mümkün olmurdu.
- 90 dəqiqə oynamağa hazır olmadığınız görünürdü...
- Bunu siz görə bilərsiniz. Ola bilsin, baş məşqçi başqa cür görür.
- Tez-tez top itkilərinə yol verməyin nə ilə əlaqədar idi?
- Yağış yağanadək oynamaq rahat idi. Yağışdan sonra oyunumuz ağırlaşdı. Rəqib də bundan istifadə etdi.
- "Qəbələ" niyə stadionu doldura bilmir?
- Bu suala mən cavab verə bilmərəm. Başqalarına ünvanlasaydınız, daha yaxşı olardı. Mən adamdolduran deyiləm. Düzdür, biz də istərdik ki, tribunalar dolu olsun. Dolu olmasa belə, bu gün doğrudan da çox gözəl atmosfer var idi. Azarkeşlərimiz sağ olsunlar.
- Amma o atmosferi almaniyalı azarkeşlər yaratmışdılar...
- 100 nəfərlə elə ab-hava olmur. Ən azı 8 - 10 min azərbaycanlı azarkeş var idi. Sağ olsunlar ki, bizi dəstəkləyirdilər. Amma tribunaları doldurmaq bizə aid deyil.
- "Maynts" xal götürə biləcəyiniz komandalardan biri idi...
- Qrupdakı rəqiblərimizin hər üçü eyni gücdədir. Sadəcə, üçündən də xal götürə bilərdik. Amma hər biri gücləri, oynadıqları çempionat baxımından bizi üstələyir. Biz də istəyirik ki, xal götürək. Sadəcə, alınmadı.
- Real götürsək, "Qəbələ"nin qrupdan çıxma ehtimalı var?
- Çətindir, çox çətin. Amma ümidlər sonda ölür. Çalışacağıq ki, qarşıdakı oyunlarda xallar qazanaq. Ötən mövsüm qrupumuzda iki aşkar favorit vardı: "Borussiya" (Dortmund) və "Krasnodar". "Borussiya" ümumiyyətlə, top-komanda idi. Ötən mövsüm PAOK-u hər iki görüşdə məğlub da edə bilərdik. Bu mövsüm isə hər 3 rəqibimiz eyni səviyyəlidir. Təqribən "Krasnodar"ın gücündədirlər.
Mehman SÜLEYMANOV