Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun Sportnet.az-ın Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi
- Şimali İrlandiya yığması ilə qarşıdakı oyundan nə gözləyirsən?
- Çox çətin səfər matçına gəlmişik. Şimali İrlandiya ilə əvvəl də oynamışıq. Bizə o qədər də ciddi yanaşmadıqları hiss olunurdu. İndi isə tam fərqli motivasiya ilə hazırlaşacaqlar. Çünki qrup ikincisiyik. Əlbəttə, bu, işimizi çətinləşdirəcək. Məncə, yaxşı nəticə əldə edəcəyik. Təbii ki, qələbə qazansaq, daha yaxşı olar. Daha sonra evdə 3 oyunumuz qalır. Həmin rəqiblərdən də xal ala bilərik. Belfastda 1 xal da yaxşı nəticə sayılacaq.
Azərbaycan yığması istənilən milli komanda ilə döyüşmək qabiliyyətindədir.
- Rəqib Azərbaycanı 4 oyunda cəmi 1 dəfə uda bilib. Düşünmürsən ki, bu, ən yüksək əhval-ruhiyyədə oynayacağınız matç olacaq?
- Evdəki oyunda sarı vərəqə səbəbi ilə çıxış edə bilməmişdim. Amma səfərdəki matçda 90 dəqiqə meydanda idim. Son dəqiqədə buraxdığımız qolla qələbəni əldən verdik. Onlar evdə tamam başqa futbol oynayırlar. Əsasən hava toplarına üstünlük verirlər. Azərbaycan futbolunda bu cəhətdən problemlərin olduğu hiss olunur. Buna baxmayaraq, komandada özünəinam böyükdür. Çalışacağıq ki, ən azı 1 xal qazanaq. Çünki məqsədimiz ən azı dünya çempionatının pley-off mərhələsində çıxış etməkdir. Hamımız buna inanırıq.
- Əvvəllər əzmkarlığınız ön plana çıxırdı, indisə taktiki tərəf. Ustalıq səviyyəniz də artıb. Bu mənada hesab etmirsiniz ki, Norveçin oyun üslubu Şimali İrlandiya ilə demək olar eynidir? Çünki bu rəqib də daha çox cinah ötürmələrinə üstünlük verir...
- Onlar evdə tamam başqa futbol oynayırlar. Bu da tam normaldır və diqqətli olmalıyıq. İstənilən halda, Şimali İrlandiya yığması bizə uyğun rəqibdir. Xal alınası, hətta məğlub ediləsi komandadır.
- Səncə, Maksim Medvedev cinahda faydalıdır, yoxsa mərkəzdə? Onu nəzərə alaq ki, kapitan Rəşad Sadıqov zədəlidir...
- Maksim universaldır. Həm mərkəzdə, həm də cinahda yaxşı oynayır. Belə oyunçumuzun olmağı millimiz üçün üstünlükdür. Bir futbolçunun bir neçə mövqedə oynaması hər komanda üçün yaxşı göstəricidir.
- Cinah ötürmələri vaxtı məsuliyyət cinah futbolçularının üzərinə düşür, yoxsa mərkəzdə hündürboylu futbolçularının? Nəzərə alsaq ki, bizdə hündürboylu futbolçular yoxdur...
- Məncə, məsuliyyət hamının üzərinə düşür. Ancaq həm cinah, həm də mərkəz müdafiəçiləri qapıçı ilə birgə maksimum dərəcədə diqqətli olmalıdır. Diqqətli oynasaq, rəqibə çox az şans verəcəyik.
- Rəşadın oynamaq ehtimalı demək olar yoxdur. Bu mənada Prosineçki sənin mərkəz müdafiəçisi kimi oynaya biləcəyini düşünəcək, yoxsa əvvəlki taktikaya sadiq qalacaq?
- Futbolda belə bir termin var ki, yaxşı çıxış edən heyəti dəyişmirlər. Məncə, Şimali İrlandiyada da həmin heyətlə çıxış edəcəyik. Bu da normaldır. Əlbəttə, hamı kimi mən də şansımı gözləyəcəyəm. Nə vaxt şans versə, çalışacağam ki, bundan maksimum istifadə edim və komandama xeyir verə bilim.
- Özünü ən çox hansı mövqedə rahat hiss edirsən?
- Əlbəttə istəyərdim ki, dayaq yarımmüdafiəçisi kimi oynayım. Hücumlara qoşulmağı, qol vurmağı çox sevirəm. İstənilən halda, ehityac olarsa, mərkəz müdafiəçisi kimi də oynaya bilərəm.
- Ancaq dayaq yarımmüdafiəçisi kimi oynamaq şansın azdır, nəinki mərkəz müdafiəçisi kimi...
- Baş məşqçi Robert Prosineçki buna qərar verir. Mənim işim məşqdə çalışmaq, hər zaman formada olmaqdır ki, hansı mövqedə şans versələr, orda oynayım. Baş məşqçi hansı tapşırığı versə, yerinə yetirim.
- Sən futbola mərkəz müdafiəçisi kimi başlamışdın. Nəyə əsasən hesab edirsən ki, dayaq yarımmüdafiəçisi kimi daha yaxşı oynayarsan?
- Hücumlara qoşulmağı, qol vurçağı sevdiyimə görə. Amma fərqi yoxdur. Təbii ki, hansı mövqedə qoysalar, ora da oynayaram. Ən yaxşı oyunumu oynamağa çalışaram.
- "Qəbələ”də taktiki dəyişikliklərdən sonra daha yaxşı oynamağa, qollar vurmağa başladın...
- Onda Dorinel Muntyanunun baş məşqçiliyi vaxtı idi, məni mərkəz müdafiəçisi mövqeyinə keçirdilər. Həmin vaxt komanda taktiki cəhətdən çox aşağı səviyyədə idi. Roman Qriqorçuk gəldikdən sonra komanda taktiki cəhətdən çox gücləndi. Nəticədə həm mənim, həm də komandanın oyunum düzəldi. Hər bir futbolçu yaxşı məşqçi ilə daha da çox inkişaf edir.
- Ruslan Abışovun fiziki cəhətdən hazır olmadığını deyirlər. Bunun hansı cəhətdən olduğunu izah edərdin...
- Hər bir futbolçunun öz anatomik quruluşu var. Bu da normaldır. Bütün futbolçular eyni səviyyədə oynaya bilməz. Kimsə texniki cəhətədn güclüdür, kimsə də fiziki. Mən də hər zaman çalışıram ki, yaxşı formada olum. Buna diqqət edirəm. Həmişə hər şey yaxşı və ya pis ola bilməz. Zəif nöqtələrimi inkişaf etdirməyə çalışıram. Bu, həm texniki, həm də fiziki cəhətdəndir. Hər bir futbolçu bu haqda fikirləşməlidir.
- Səncə, fiziki cəhətdən deyəndə, nəyi nəzərdə tuturlar? Bədən quruluşunu, yoxsa qaça bilməməyini?
- Fiziki cəhətdən deyəndə, hamıda ilk növbədə bədən quruluşu nəzərdə tutulur. İstənilən futbolçu qaçmağı bacarır. Elə oyunçular olur ki, hündürboy olur, cüssəlidir, amma ləngdirlər, yaxşı qaça bilmirlər.
- "Neftçi” ilə oyunda hakimin xətası ilə bağlı nə deyə bilərsən? Bir oyunda 3 hakim səhvə yol verirsə, bu nə deməkdir?
- Açığı, hakimlik barədə heç vaxt danışmaq istəməmişəm. Danışsaq da, danışmasaq da, heç bir mənası yoxdur. Çünki artıq qərar verilib. Bunu müzakirə etməyin heç bir mənası yoxdur. Bu oyunu unutduq getdi. Bizim üçün vacib olan qarşıdakı 3 oyunumuzdir. Kubok matçı da var. Çox çalışıb qış fasiləsinə yaxşı nəticə ilə yollanmaq istəyirik. Liderlərlə xal fərqini minimuma endirməyə çalışacağıq.
- Axı bu, olmur, həlledici matçlarda xal itirsininiz. Belə bir deyim var, cücəni payzıda sayarlar. Ancaq payızda sayanda məlum olur ki, həlledici oyunlarda vacib xallar itirmisiniz...
- "Kəpəz” və "Zirə”ylə oyunlarda mühüm xallar itirdik. Bunlar bizə baha başa gələcək. Çempionluq üçün sona qədər mübarizə aparacağıq. "Qəbələ” və "Qarabağ”ı çempionluğa namizəd sayıram. Biz də sonadək bu mübarizədə iştirak edəcəyik.
- "İnter”in transfer qadağası var. Bu, siz futbolçularda arxayınlıq yaratmır?
- Əlbəttə, bu bizə çətinlik yaradır. Bizim yaxşı kollektivimiz var. İnanmıram ki, mənin yerimə futbolçu gəlməyəcək deyə kimsə arxayın davransın. Futbolçunun işi budur. Hər kəs onu maksimum dərəcədə görməlidir. Çünki burdan pul qazanır, peşəkar olmalıdır. Məncə, bu baxımdan problem olmayacaq. İnanıram ki, mövsümün sonuna qədər yaxşı komanda olaraq çempionluq uğrunda mübarizə aparacağıq.