Futzal üzrə Azərbaycan milli komandasının kapitanı Rizvan Fərzəliyevin Sportnet.az-a müsahibəsi...
- Nəyə görə Bosniya və Herseqovina yığmasına qarşı oyunda çətinlik çəkdiniz?
- İlk oyunlar hər zaman çətin alınır. Rəqibimiz də pis vəziyyətdə deyildi. Sadəcə, şanslarımızı ilk dəqiqələrdə dəyərləndirə bilmədik. Bu da rəqibə hardasa ruh yüksəkliyi gətirmiş oldu. Hər halda 5:4 hesabı ilə qalib gəldik və 3 xal bizim oldu.
- Rəqibin belə müqavimət göstərəcəyini gözləyirdiniz, yoxsa matça arxayın çıxmışdınız?
- Heç bir arxayınlığımız yox idi. Oyuna tam istəkli çıxmışdıq. Elə ilk dəqiqələrdə nə qədər qol şansı əldə etdik, gördünüz. Sadəcə, birindən yararlana bildik. Səhvlər də bizə qol gətirdi. Hər şeyə rəğmən, qələbə bizim tərəfdədir. Bizə dəstək olanların hamısına təşəkkür edirəm.
- Razısan ki, bugünkü millimiz dünya çempionatındakı millimizə bənzəmədi?
- Az da olsa, zəifləmə var. Ancaq deməzdim ki, bənzəmədik. İlk oyun hər zaman ağır olur. Rəqibimiz olan Bosniya və Herseqovina yığması güclü idi. Qol imkanlarından yararlana bilməməyimiz bosniyalılara üstünlük verdi.
- Nə qədər gücünüz vardısa sanki bu gün meydanda qoydunuz. Albaniya ilə matça yorğun çıxmayacaqsınız?
- Xeyr, heç bir yorğunluqdan söhbət gedə bilməz. Albaniya ilə matça da qələbə üçün çıxacağıq. Albaniya Macarıstana qarşı çox yaxşı mübarizə apardı. Hər oyuna ayrı taktika ilə çıxıb oyuna yaxşı köklənəcəyik.
- Qrupu birinci pillədə başa vurmağa gücünüzü çatacaq?
- Ümidvaram ki, belə də olar. Məqsədimiz ilk pillədir. İlk oyunun çətin keçməsinə baxmayaraq, biz ilk pillə üçün oynayacağıq.