Futzal üzrə Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin B qrupunda bu gün 2-ci turun qarşılaşmaları oynanılıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası Albaniya yığması ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Bununla da ardıcıl ikinci qələbəsini qazanan Biro Jadenin baş məşqçi olduğu komanda 6 xalla vahid liderə çevrilib. Azərbaycan millisi ilk turda da Bosniya və Herseqovinanın qapısından 5 top keçirmişdi - 5:4.
Qrupda 2-ci turun digər oyununda Macarıstan Bosniya və Herseqovinaya qalib gələ bilməyib - 2:2. Bu isə o deməkdir ki, aprelin 11-də Macarıstanla qarşılaşmada Azərbaycan yığmasını heç-heçə də qane edəcək. Bu halda meydan sahibləri qrup qalibi kimi birbaşa 2018-ci ildə Sloveniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksələcəklər.
Avropa çempionatı, əsas seçmə mərhələ
B qrupu
16:00. Bosniya və Herseqovina - Macarıstan - 2:2
18:30. Azərbaycan - Albaniya - 5:0
Qol: Everton Kardozo, 3. Eduardo, 26. Vassura, 27. Namiq Məmmədkərimov, 35. Xətai Bağırov, 36
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan), Ramil Namazov (Azərbaycan)
Qeyd edək ki, B qrupunun oyunları Bakı İdman Sarayında keçirilir.