"Doqquz xalla birinci yeri tutduq. Bu parlaq nəticəni bizi dəstəkləyən azarkeşlərə, federasiyamızın prezidenti və xalqımıza həsr edirik".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin futzalçısı Namiq Məmmədkərimov 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsini dəyərləndirərkən deyib. Təcrübəli oyunçu ardıcıl 5-ci dəfə qitə çempionatının final mərhələsinə vəsiqə qazanmalarından sevincli olduğunu bildirib: "Həmişə olduğu kimi, birinci oyun çətin keçdi. Bosniya və Herseqovina ilə matça tam hazır çıxdıq. Həyəcan və tələskənlik var idi. Tez bir zamanda azarkeşlərə qol sevincini yaşatmaq istəyirdik. Şadam ki, qalib gəldik və üç xalı qazandıq. Necə deyərlər, bundan sonra bir az rahatlaşdıq. İkinci oyunda da Albaniyanı məğlub etdik. Komandaya yerli uşaqlar da kömək etdi, özlərini az da olsa, göstərə bildilər. Son oyun macarlara qarşı idi. Bizim Macarıstan millisi ilə prinsipimiz var və hər zaman buna görə də onları darmadağın etmək istəyirdik. Şadam ki, buna nail olduq”.
Məmmədkərimov Sloveniyada keçiriləcək Avropa çempionatında da uğurlu çıxış edəcəklərinə inam ifadə edib.