Futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində bu gün keçiriləcək bütün oyunlarda təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Sportnet.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qurumdan ötən axşam "Borussiya" (Almaniya) və "Monako" (Fransa) komandaları arasında Dortmundda keçirilməli olan görüş ərəfəsində baş verən partlayışdan sonra təhlükəsizlik təbirlərinin bir qədər də gücləndirildiyi bildirilib. UEFA əmin edir ki, hər zaman yüksək təhlükəsizlik tədbirlərinin görülməsində israrlıdırlar: "UEFA Dortmund şəhərindəki hadisədən sonra polis, təhlükəsizlik xidmətləri, klub və stadion rəhbərləri ilə əməkdaşlıq edir. Ehtiyac duyulan yerlərdə təhlükəsizlik tədbirləri artırılacaq. Bugünkü oyunlarla bağlı hər hansı təhlükə barədə konkret məlumat olmasa da, rəsmi şəxsləri və azarkeşləri əmin edirik ki, UEFA hər zaman ən yüksək təhlükəsizlik tədbirlərinin görülməsində israrlıdır”.
Qeyd edək ki, aprelin 11-də Çempionlar Liqasının 1/4 final mərhələsinin "Borussiya" - "Monako" görüşü ərəfəsində Dortmund təmsilçisinin avtobusu qarşısında ümumilikdə 3 partlayış törədilib. Nəticədə meydan sahiblərinin ispaniyalı futbolçusu Mark Bartranın əli sınıb.
Bu günə təxirə salınan qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.