"Azərbaycanda futbol fərqli idi. Orada xüsusi həvəs müşahidə olunmurdu. Tribunalarda 500 - 1000 nəfər olurdu. Belə şəraitdə oyun mənlik deyildi".
Sportnet.az-ın məlumatına görə, bunu qış fasiləsində "Qəbələ"dən Hollandiya "Herenven"inə transfer olunmuş Deyv Bultuis deyib. 28 yaşlı müdafiəçi ötən yay "qırmızı-qaralar"ın təklifini sırf maliyyə şərtləri üzündən müsbət cavablandırdığı etiraf edib: "Yalan danışa bilmərəm: Bu, sırf maliyyə məsələsi ilə əlaqədar idi. Azərbaycanda həyat səviyyəsi yaxşıdır, Bakı gözəl şəhərdir. İlin 12 ayından 7-də hava isti olur. Futbol isə Qərbi Avropada oynadığımızdan deyildi. İdman stimulumu itirmişdim. Sonda hər şey yaxşı qurtardı. Şadam ki, qayıtdım və hazırda "Herenven"dəyəm".
Bununla belə, Bultuis "Qəbələ"yə keçidinə təəssüflənmədiyini vurğulayıb: "Demirəm ki, bu addımı yenidən atmazdım. Sadəcə, hazırda gəncəm. Bunu daha yaşlı olduğum vaxt edə bilərəm. Lakin heç vaxt etdiklərimə təəssüflənmirəm. Fikrimcə, hər şeyin bir səbəbi var. "Herenven" yayda da mənimlə əlaqə saxlamışdım. Həmin vaxt keçidim alınmamışdı. Bu komandaya transferim indiyə təsadüf etdi. Baş məşqçinin mənə göstərdiyi etimaddan razıyam və onu doğrultmağa çalışıram".
Qeyd edək ki, Deyv Bultuisin oynadığı 3 qarşılaşmada "Herenven" 7 xal toplayıb. Hazırda bu komanda Erediviziyada 21 oyundan 30 xalla 8-ci pillədə qərarlaşıb.