"Oyunun ədalətli nəticəsi heç-heçə idi. Rəqib də hücumlar edirdi. Çətin olacağını bildirdik”.
Sportnet.az xəbər verir ki, bunu "Keşlə”nin futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının XX turunda "Qəbələ” ilə 1:1 hesablı heç-heçədən sonra deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- XIX turda "Neftçi”yə 2:3 hesablı məğlubiyyətdən sonra toparlanmağı və bu gün ən yaxşı oyunlarınızdan birini keçirmə necə bacardınız?
- Həmin matçdan sonra iclas oldu. Dedik ki, "Neftçi” ilə qarşılaşmanı unudaq, "Qəbələ” ilə görüşə hazırlaşaq. Bu gün normal oynadıq. Toparlanmağı bacardıq. Klub prezidenti Zaur Axundov bizə dəstək verdi. Bildirdi ki, futboldur, hər şey ola bilər.
- Mübahisəli epizodlar oldu. Hakimlikdən razı qaldınız?
- Referi yaxşı idarə etdi, problem yoxdur. Ciddi səhv görmədim, razı qaldım.
- "Keşlə”nin yaxşı potensialı olsa da, istədiyi kimi çıxış edə bilmir. Nə mane olur?
- Qış fasiləsindən sonra 6-cı oyunumuzu keçirdik. Heyətdə yeni oyunçular var. Yavaş-yavaş uyğunlaşırıq. İlk matçla müqayisıdı irəliləyişə nail olmuşuq. İrəlidə Seza Meza Kolli, Herve Tçami kimi futbolçular var. Yaxşı, topla oynaya bilən oyunçulardır.
- Lakin qışda gələn bəzi futbolçular hələ komandaya kömək edə bilmirlər. Bəlkə də bu gün Ebrima Sohnanın oynamaması komandaya daha yaxşı təsir göstərdi...
- Bunu deyə bilmərəm, məşqçinin işidir. Onların da potenisalı yaxşıdır. Lakin məşqçinin işinə qarışa bilmərəm. Heyəti o, müəyyənləşdirir. Bugünkü heyət uğurlu alındı.
- Əsas fikrinizi Azərbaycan Kubokuna yönləndirmisiniz?
- Bəli, kubok bizim üçün pioritetdir. "Sumqayıt”da güclü komandadır. Azərbaycanda yaxşı ötürmə ilə oynayan iki komandadan biridir. Baş məşqçiləri Samir Abasovu da tanıyıram. Onun rəhbərliyi altında oynamışam. Çox yaxşı, aqressiv mütəxəssisdir. Onun taktikası güclüdür. Kubokda onları keçmək istəyirik. Təbii ki, "Sumqayıt”da bu haqda fikirləşir.
- "Sumqayıt” qış fasiləsindən sonra məğlub olmayıb. Bu məqam sizi qorxutmur ki?
- "Sumqayıt” çox yaxşı oynayır. Onlar artıq qurulmuş komandadır. Futbolçuları ötürməni baxmadan verirlər. Gözyumulu oynayırlar. Bunun da 99 faizi baş məşqçilərindən asılıdır.
- Yuri Maksimov da "Keşlə”də yenidir. Öz baş məşqçinizi necə xarakterizə edərdiniz?
- Güclü mütəxəssisidr. Komandada futbolçuların deyib-gülməsini, şən olmasını, ab-havanın yaxşı olmasını istəyir. Futbolçulara deyir ki, tək-tək gəzməyin, bir yerdə olun, çay için, danışın. Mehribançılıq olmasını tələb edir. Yaxşı mütəxəssisdir.