"Neftçi" ilə keçirəcəyi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü ərəfəsində "Qəbələ"nin daha bir oyunçusu sıraya dönüb.
"Qırmızı-qaralar"ın meneceri Səbuhi Səfiyarlının Sportnet.az-a verdiyi məlumata görə, hücumçu Baqali Dabo ilə yanaşı, qapıçı Dmitri Bezotosnı da zədəsini sağaldıb. Hər iki legioner bugünkü məşqdə iştirak edib. Hazırlıq prosesinə yalnız müdafiəçi Vitali Vernidub qatılmayıb. Onun bərpasına hələ bir müddət vaxt lazım gələcək.
Dabo və Bezotosnının məşqi problemsiz tamamladıqlarını deyən Səfiyarlı onların "Neftçi" ilə qarşılaşmada, böyük ehtimalla, meydana çıxacaqlarını vurğulayıb.
Qeyd edək ki, ilk görüşdə "Qəbələ" evdə 1:2 hesabı ilə uduzub. Cavab oyunu aprelin 18-də Bakıdakı "Bakcell Arena"da keçiriləcək.