"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanovun Sportnet.az-a müsahibəsi
- MOİK-lə oyunda heç-heçə etdiniz. Komandadan razı qaldınız?
- Fiziki məşqlərdən sonra bəzi komponentlər var ki, oyunçulardan onları almaq istəyirdik. Düşünürəm ki, çox olmasa da, aldıq. Bəzi məqamlar üzərində ayrıca işləmişdik. Bilirdik ki, çox da istədiyimizi ala bilməyəcəyik. Komandanın oyun üslübunda da dəyişikliklər etmək, hücumdan müdafiəyə keçid, müdafiədən hücuma çıxış etmək və sürətli hücum qurmaq istəyirdik. Bilirik ki, hazırkı vəziyyətdə bunları etmək asan deyil. Çox olmasa da, istədiklərimizin az hissəsini futbolçulardan ala bildim. Çox işləmək lazımdır. Mən bu oyunda daha çox məlumat topladım. Daha çox çalışacağıq ki, istədiyimiz şeyləri meydanda göstərə bilsinlər.
- Komandada taktiki baxımdan hər hansı dəyişiklik gözlənilirmi?
- Hücum və müdafiə futbolu var. Hər ikisində yaxşı iştirak etmək istəyirik. İnkişaf da etməliyik. Bəzi nüanslar var ki, bəlkə onlarda müəyyən dəyişikliklər etdik. Bu barədə futbolçularla da danışmışıq. Lakin bunlar bir az vaxt tələb edəcək. Hücumda və müdafiədə yaxşı oynamaq istəyirik. Oyunun gedişində bunları edə bilsək, siz də kənardan görəcəksiniz. Bundan başqa, "Qəbələ” həmişə futbol oynayırdı. Çalışacağıq ki, daha yaxşı çıxış edək. Qlobal dəyişiklik olmayacaq.
- Bəzi futbolçular "Qəbələ"dən ayrılıb...
- Mən hazırda meydanda olan futbolçular haqqında danışa bilərəm. Çalışacağıq ki, bunların üzərində işləyib, inkişaf elətdirək. Biz də komandamıza hücumçu cəlb eləmək istəyirik. Komanda olaraq tam komplektləşmiş formada Sloveniyada yoxlama oyunularını keçirmək niyyətindəyik.
- Baqali Dabonun gedişi komandaya necə təsir etdi?
- Dabo artıq başqa komandanın oyunçusudur. O barədə danışmaq istəmirəm. Sərbəst futbolçu idi.
- O, sizə söz vermişdi ki, komandada qalacaq...
- Mənə söz verməmişdi (gülür).
- Yəni, "Qəbələ"yə söz vermişdi...
- Bəli. Mən də o məlumatı mediadan oxumuşam. Dabonun gedişində problem görmürəm.
- Sloveniyadakı rəqibləriniz müəyyənləşib?
- Bəli. O barədə açıqlama olub. Biz 4 oyun planlaşdırmışdıq. Ola bilsin, oyunların birini ləğv edək. Zaqreb "Dinamo”su və "Kukesi” ilə razılıq əldə etmişik. Üçüncü rəqibimizin adına isə Sloveniyada aydınlıq gələcək.
- "Qəbələ"yə oyun qurucusu lazımdırmı?
- Əlbəttə. Hər bir mövqeyə futbolçu lazımdır. Bu gün yarımmüdafiədəki futbolçulardan daha çox razı qaldım. Elvin Camalov və Qismət Alıyevdən belə oyun gözləmirdim.Onlardan istədiyimiz aldıq. Amma oyun qurucusu lazımdır. Lilayı axtarıb tapmışıq. Oyunundan çox razıyam. Beynimdə olan futbol fəlsəfəsi var. Həmin futbolçu onu yerinə yetirə biləcək gücdədir.
- Sabah "Qəbələ"nin rəqibi müəyyənləşəcək. Arzulamadığınız rəqib varmı?
- Bu barədə düşünməmişəm. Çünki nəsə fikirləşəndə, daim onun əksi olur. Nə xeyirlidirsə, o da olsun.