"Qəbələ"nin hücumçusu Rauf Əliyev MOİK-lə 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, komandasının bərabərlik qolunun müəllifi öncə matçı dəyərləndirib...
- Hazırlıqlar davam edir. Bir az yüklənmə var. İlk oyunumuz idi. Görünən odur ki, əskiklərimiz var. Uzun müddət idi oynamırdım. 6 aydır meydana çıxmırdım, çətin idi. Baxmayaraq ki, yoldaşlıq görüşü idi. Sloveniyada da hazırlıqlar olacaq. Orada yaxşı hazırlaşacağıq. Avrokuboklarda və daxili çempionatda yaxşı çıxış etmək istəyirik.
- 6 ay futbolsuzluğu Sloveniya kampında kompensasiya etmək mümkün olacaq?
- Tədricən olacaq. Hər şey birdən-birə olmur. 4 aydır ki, komanda ilə çalışıram. Amma məşqlə oyun fərqlidir. Yavaş-yavaş düzələcək.
- Yeni transfer Sabien Lilayla Albaniya çempionatında qarşılaşmısan?
- Onunla qarşılaşmışıq. Yaxşı futbolçudur. Milliyə dəvət alır. Düşünürəm ki, komandamıza xeyri olacaq. Yarımmüdafədə çıxış edir. Ona inanıram.
- Baqali Dabo "Qəbələ”ni "Neftçi”yə dəyişdi. Yeganə hücumçu sənsən. Sən isə oyun praktikasından əziyyət çəkirsən. Psixoloji gərginlik varmı?
- Zədələrdən sonra da bir müddət futbolsuz qalmışdım. Lakin yaxşı qayıtmışdım, hətta çempionatda bombardir də olmuşdum. İnanıram, 1-2 oyuna hər şey düzələcək.
- Bir sıra əsas futbolçu "Qəbələ”dən ayrıldı. Komanda onların boşluğunu doldura biləcək?
- 1-2 futbolçu gedibsə, bu, o demək deyil ki, "Qəbələ” zəifləyəcək və mükafatçılar sırasına düşməyəcək. Gördüyünüz kimi, transfer çalışmaları davam edir. Komandaya xeyri dəyən futbolçular qalıb. Gedənlərin də boşluğu dolduralacaq.
- Avropa Liqasında iddianız nədir?
- Avropa Liqasında "Qəbələ” iki dəfə qrupa düşüb. Ona görə də komandadan çox şey gözləyirlər. Əlimizdən gələni edəcəyik.