"Yaxşı hazırlaşmışdıq. Oyunun əhəmiyyətini hamımız dərk edirdik. Qalib gəlsəydik, mövqeyimizi möhkəmləndirəcəkdik. Ancaq alınmadı. Futboldur, keçən tur səfərdə “Zirə”yə qalib gəlmişdik, bu gün öndə olduğumuz matçda uduzduq".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Sabah" komandasına 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra jurnalistlərə müsahibəsində deyib. Hücumçu jurnalistlərin digər suallarını da cavablandırıb...
- Bu oyunda qalib gəlsəydiniz, 3-cü pillədə möhkəmlənə və ən yaxın izləyiciniz "Qəbələ"ni 4 xal geridə qoya bilərdiniz...
- “Qəbələ”nin "Qarabağ"a məğlubiyyətindən xəbərimiz var idi. Bəli, qalib gəlsəydik, 3-cü yerdə möhkəmlənəcəkdik. Alınmadı, diqqətimizi qarşıdakı oyunlara ayıracağıq. “Sabah”ı təbrik edirəm, layiqli qələbə qazandılar.
- Erkən qol sizdə arxayınlıq yaratmadı?
- Deməzdim ki, arxayınlaşdıq. Sadəcə, öz səhvlərimizdən uduzduq. Bundan nəticə çıxaracağıq.
- “Sabah” sizə qarşı həmişə çətinlik çəkirdi və indiyə qədər bu rəqibdən qol belə buraxmamışdız. Bu gün nə baş verdi?
- Mən öz adımıza danışa bilərəm. Bu gün çox zəif oynadıq. Rəqibin qələbəsinə heç bir şübhəmiz yoxdur. Layiq olduqları qalibiyyəti əldə etdilər. Sadəcə, özümüz də onların işini asanlaşdırdıq. Erkən qol vurmuşduq, rahat qələbə əldə edə bilərdik, ancaq əksinə oldu.
- Baş məşqçiniz Aftandil Hacıyev dedi ki, sizi vaxtından əvvəl avrokuboka göndərənlər var və bununla sanki onu bildirmək istədi ki, belə fikirlər komandada arxayınlıq yaradır. Siz necə düşünürsünüz?
- Komanda yığılanda heç kim indi 3-cü yerdə olacağımızı düşünmürdü. Hamı orta sıralarda yer alacağımızı gözləyirdi. Fikirləşirdilər ki, 6-7-ci yerdə olacağıq. İndi 3-cü yerdəyik, avrokuboka getmək imkanımız var və çalışırıq bu şansdan istifadə edək. Baş məşqçimiz daha yaxşı bilir. Ola bilər ki, nələrdəsə özümüzü “yandırırıq”.