İngiıtərənin "Arsenal" klubunun futbolçusu Henrix Mxitaryan mayın 29-da Bakıda "Çelsi"yə qarşı Avropa Liqasının final matçında oynamayacaq.
Sportnet.az-ın "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, "topçular" mövsümün həlledici qarşılaşmasında 30 yaşlı yarımmüdafiəçinin xidmətindən yararlanmamağı məqsədəuyğun sayıblar. Klub rəhbərliyi erməni oyunçunun təhlükəsizlik tədbiri kimi Londonda saxlamağı qərara alıb. "Arsenal" rəsmiləri hesab edir ki, Mxitaryanın Azərbaycana mümkün gəlişi üzündən səs-küy final oyunu öncəsi komandaya zərər vura bilər.
Bu mövsüm Mxitaryan 39 oyuna 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan yığmasının futbolçusu Avropa Liqasının final matçında iştirak edə bilər.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Arsenal" - "Çelsi" matçı saat 23:00-da başlanacaq.