"Futbol mafiyası olmasaydı, oğlumun daha çox "Qızıl top"u olardı".
Sportnet.az-ın məlumatına görə, bunu İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunun anası Doloreş Aveyru "SIC Noticias"a açıqlamasında deyib. Aveyru bildirib ki, Ronaldu ispaniyalı və ya ingiltərəli olsaydı, onunla belə davranmazdılar: "Bu, oğlumun portuqaliyalı olması üzündən baş verir. Kriştianunun bu il "Qızıl top" alıb-almayacağını bilmirəm. Amma buna inanıram".
Bu mövsüm Ronaldu İtaliya A Seriyasında 8 oyuna 5 qol vurub və 1 məhsuldar ötürmə verib. O, indiyədək 5 dəfə "Qızıl top" əldə edib. Eyni sayda nailiyyətə İspaniya "Barselona"sından Lionel Messi də imza atıb. 2018-ci ildə bu mükafatı "Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç qazanıb.