"Zirə"nin futbolçusu Xulio Sezar Rodriges Azərbaycan Premyer Liqasında 3-cü dəfə dubla imza atıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, XII turun “Keşlə” ilə qarşılaşmasında baş verib. Hücumçu klubun tarixinə Premyer Liqada ən çox dubl edən futbolçu adına şərik çıxıb.
Rodriges ilk iki dubluna ötən mövsüm səfər görüşlərində imza atıb. Onun iki qol vurduğu ilk komanda da “Keşlə” olub. Həmin matçda da "Zirə" 3:1 hesabı ilə qalib gəlib. Bu oyundan 6 gün sonra – mayın 11-də “Sabah”la rəqib meydanındakı qarşılaşmada da iki top vuran forvard 3:0 hesablı qələbədə rol oynayıb.
Cari mövsümdə və ev oyunlarında ilk dublunu gerçəkləşdirən Rodriges ümumilikdə 3-cü dəfə buna nail olmaqla salvadorlu hücumçu Nelson Bonilyanın rekordunu təkrarlayıb. Paraqvaylı forvardın dublları eyni ilə, lakin fərqli mövsümlərə təsadüf edibsə, Bonilya eyni mövsüm, amma fərqli illərdə bunu gerçəkləşdirib. O, 2015/2016 mövsümündə “Kəpəz” və “Rəvan”a ev, “Qəbələ”yə səfərdə 2 qol vurub. İlk görüş 2015, digərləri 2016-cı ildə baş tutub.
Qeyd edək ki, bu, “Zirə”nin futbolçularının Premyer Liqada 16-cı dublu olub. Hərəyə üç dəfə fərqlənən Nelson Bonilya və Xulio Sezar Rodrigesdən başqa daha bir oyunçu bir dəfədən artıq dubl müəllifidir. Bu, iki belə uğuru olan Təmkin Xəlilzadədir.