"Açığı, itkilərə rəğmən, komandadan mübariz oyun gözləyirdim. Ancaq bu qədər yox. Nəticədən çox futbolçuların, xüsusən debüt edən Xəzər Mahmudovun mübariz oyunu məni sevindirir".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XIV turunda səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. 48 yaşlı mütəxəssis bildirib ki, nəticədən razı qalıb.
"Keşlə" bu ay Azərbaycan Kubokunun 1/4 finalında da "Qarabağ"la qarşılaşacaq. Əhmədov həmin görüşlərə hazırlaşacaqlarını bildirib: "İki cəbhədə oynamaq üçün iki heyət olmalıdır. Yayda komandanı yığanda bir fikrim vardı - Premyer Liqada mükafatçılar sırasına düşmək. Oyunçuları da buna uyğun seçmişəm. İstənilən halda, bu 1 xal bizə motivasiya verir. Kubok oyunlarına qədər az da olsa, zamanımız var. Mübarizədən qaçası deyilik".