
"Mənim üçün çox əlamətdar gündür. Cənab Prezidentə minnətdarlığımı bildirirəm. Biz idman adamları onun diqqət və qayğısını hər zaman hiss etmişik. Buna görə dövlət başçısına təşəkkür edirik".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Prezident İlham Əliyevin evlə təltif etdiyi 17 yaşadək futbolçulardan ibarət SSRİ yığmasının heyətində dünya çempionu Vladislav Qədirov deyib.
O bildirib ki, dövlət başçısı tərəfindən şəxsən təltif edilmək hər insanın həyatında olmur: "Bu, xüsusi məqamdır. İndiyə qədər həyatımda oxşar hal 17 yaşadək futbolçulardan ibarət SSRİ yığmasının heyətində dünya çempionu olduğum zaman baş vermişdi. Həmin vaxt məni əfsanəvi Pele təltif etmişdi. İndi isə cənab Prezident mənə ev hədiyyə etdi. bu, mənim üçüq qürurvericidir".
Dövlət başçısının mənzil hədiyyə etdiyi karateçi Asiman Qurbanlı da sevincini "Report"la bölüşüb. "Minsk 2019" II Avropa Oyunlarında 84 kq çəki dərəcəsində qızıl medal qazanmış 27 yaşlı idmançı bildirib ki, çəkdiyi əziyyət yerdə qalmayıb: "Cənab Prezidentimizə təşəkkür edirəm. Prezidentimiz bizim çıxışlarımızı dəyərləndirdi. Bundan sonra daha da həvəslənirik. Qarşıda bizi Tokio-2020 Yay Olimpiya Oyunları gözləyir. Hazırda Avropa çempionatına və olimpiadaya hazırlaşırıq. Mən də əlimdən gələn hər şeyi edəcəyəm ki, göstərilən diqqətin bir yox, iki qatını geri qaytara bilim. Dövlətin belə qayğısı idmançılara daha çox stimul və motivasiya verir. Gənc idmançılara səslənmək istəyirəm: Heç vaxt sınmasınlar və daim əzmkar olsunlar".
Qeyd edək ki, Vladislav Qədirov məşqçi kimi “Standard”, “Muğan” və “Rəvan”a rəhbərlik edib. Asiman Qurbanlı isə "Minsk 2019"dakı qızıl medaldan əlavə, İspaniyanın Qvadalaxara şəhərindəki Avropa çempionatında bürünc medal qazanıb.