
Dünya çempionatının elit-raund mərhələsinin oyunlarına hazırlaşan Azərbaycan millisi qarşılaşmaların keçiriləcəyi Xorvatiyanın Osiek şəhərindəki “Qradaki vrt” İdman Kompleksində ilk məşqinə çıxıb. Sportnet.az xəbər verir ki, məşqdən sonra milli üzvü Eduardo Borges azfutzal.az saytına müsahibə verib...
- Komandada əhval-ruhiyyə necədir? Yol yorğunluğu hiss olunur?
- Əhvalımız yaxşıdır. Bakıdakı məşqlərimizi yekunlaşdırdıq, hazırlığın son hissəsini Osiekdə reallaşdırırıq. Düzdür, oyunların keçiriləcəyi şəhərə yanvarın 25-də gəldiyimizdən, yol yorğunluğu ola bilər. Ancaq bu da müvəqqətidir. Çünki hamımız qələbə qazanmaq, dünya çempionatının final mərhələsində iştirak etmək istəyirik.
- Oyunun keçiriləcəyi zalda məşq keçdiniz. Örtük necə idi?
- İdman kompleksi yaxşı vəziyyətdədir. Örtüklə bağlı da hansısa şikayət etməyə əsas yoxdur, çünki parket əladır. Demək olar, bu idman qurğusu oyunlar üçün tam hazırdır.
- Amma Bakıda Özbəkistanla keçirilən oyunlar bir qədər narahatlığa səbəb oldu. Fərqli iki oyunun nümayiş etdirilməsi nə ilə bağlı idi və buna görə baş məşqçi Joze Alesio Da Silva nə dedi?
- Baş məşqçi təbii ki, iradlarını bildirdi. Birinci qarşılaşmadan əvvəl vəziyyət bir qədər qarışıq idi. Tyaqo və mən oyunöncəsi Bakıya çatmışdıq. Həm də bu cür görüşlər test xarakteri daşıyırdı. Əlbəttə, hər nə qədər yoxlama oyunu olsa da, müsbət nəticəyə ehtiyac var. Çünki qələbə istər-istəməz hər kəsin əhvalını yüksəldir. Ancaq ikinci matçda səhvlərimizi düzəltdik. Müdafiədə yaxşı oynadıq. Hərçənd, şanslarımızıdan tam istifadə edə bilməsək də, qələbə qazanmağı bacardıq. Həqiqətən də vacib oyunlar oldu.
- Elit-raundda ilk sınaq meydan sahiblərinə qarşı olacaq. Halbuki Xorvatiyaya qarşı elə bu zalda 5 il əvvəl mübarizə aparmısınız və komandaya lazım olan nəticə qazanılıb. Bu dəfə də istədiyinizi əldə edə biləcəksiniz?
- Xorvatiya millisi çox güclü komandadır. Dünya reytinq cədvəlində də ilk “10-luq”dadırlar. Bu, elə-belə göstərici deyil. Onlar da iddialıdırlar. Çox çətin olacaq. Ümumiyyətlə, rəqiblərimizin heç biri zəif komanda deyil. Hər birinə qarşı ciddi mübarizə aparmalıyıq. Slovakiya ilə Bakıda qarşılaşmışdıq. Qələbə qazansaq da, buna çətinliklə nail olduq. Rusiya isə reytinq cədvəlində ilk “3-lük”dədir. Dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində iştirak ediblər. Yəni, bir oyun yox, bütün rəqiblərimiz haqda düşünməliyik. Sadəcə, ilk görüşümüz xorvatiyalılarla olduğundan, indi bütün diqqətimizi bu matça yönəltmişik.
- Şansları necə dəyərləndirirsiniz?
- Bu, futzaldır. Hər bir saniyə imkan verir ki, oyunun nəticəsini dəyişəsən. Hər oyunda qalib də gələ bilərsən, məğlubiyyətlə də barışmalı olarsan. Hətta görüşlərin hamısını heç-heçə ilə də başa vurmaq olar.