"Mənə idmanla məşğul olmağım üçün bu qədər pul ödəyirlər. Həkimlər və dünyanı dayandıran bu xəstəlik üçün dərman tapmağa çalışan alimlər isə maddi baxımdan heç nə qazanmırlar".
Sportnet.az-ın məlumatına görə, bunu Meksika milli komandasının və ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Xavyer Ernandes "Medio Tiempo"ya müsahibəsində deyib. "Çiçarito" ləqəbli 32 yaşlı hücumçu həyat yoldaşı və 9 aylıq qızı ilə özlərini təcrid etdiklərini bildirib. Təcrübəli forvard insanlara kömək etmək və bu vəziyyətdən çıxmaq üçün əlindən gələni etdiyini vurğulayıb.
O, eyni zamanda yenidən topa toxunmaq və komanda yoldaşları ilə futbol oynamaq istədiyini etiraf edib: "Əlbəttə, futbol, məşqlər üçün darıxıram. İstəyirəm ki, maşınıma minərək, məşqə gedim. Amma bu, mümkün deyil".
Qeyd edək ki, Xavyer Ernandes mövsümün ilk yarısını İspaniya "Sevilya"sında keçirib. Çiçarito Avropa Liqasının qrup mərhələsinin oyunlarında "Qarabağ"a qarşı forma geyinib. Bakıda 3:0 hesabı ilə qalib gəldikləri görüşdə o, ilk qolun müəllifi olub. "Sevilya" öz meydanındakı görüşdə də qələbə qazanıb - 2:0.