"Uzun müddətdir klub, rəhbərlik və futbolçular haqqında www.sportinfo.az saytında qərəzli olaraq həqiqətə uyğun olmayan, jurnalistikanın etik qaydalarına sığmayan davamlı qarayaxma kampaniyası aparılır. Milyonlarla insanın sevimlisi, Azərbaycan futbolunun flaqmanı "Neftçi” PFK barədə həqiqəti əks etdirməyən, tənqidlə təhqirin səhv salındığı bu cür informasiyaların yazılması və yayılması yolverilməzdir və bu, klubu sevənlərə qarşı böyük hörmətsizlikdir".
Sportnet.az-ın məlumatına görə, bu fikirlər "Neftçi" klubunun açıqlamasında yer alıb. Klub bildirir ki, bununla əlaqədar baxılması üçün Azərbaycan İdman Jurnalistləri Federasiyasına (AİJF) aprelin 28-də rəsmi müraciət edilib. Mayın 1-də AİJF-nin İdarə Heyətinin iclasında müraciətə baxılıb və saytın "Neftçi” ətrafında apardığı qarayaxma kampaniyası, klub rəhbərliyi və üzvlərini təhqir edən yazılar dərc etməsi qeyri-etik sayılıb, belə hallara son qoymağı tövsiyə edən bəyanat yayılıb.
AİJF-yə müraciətə operativ şəkildə baxdığına və obyektiv qərar verdiyinə görə təşəkkür edən "Neftçi" bildirib ki, klub olaraq daim jurnalistlərin fəaliyyətinə hörmətlə yanaşaraq, onları bu cür çətin və məsuliyyətli işdə dəstəkləyiblər: "Medianın istənilən qərəzsiz tənqidini müsbət qarşılamış və mediaya daima açıq mövqe göstərməklə jurnalistlərin ictimaiyyətə klubumuz haqqında doğru, dürüst informasiyaların çatdırmasına yardım etmişik. "Neftçi” adından hazırda işini şərəflə, dürüst, jurnalistikanın etik qaydalarından kənara çıxmayaraq, insanların şəxsi həyatına toxunmadan, təhqir etmədən görən media nümayəndələrinə bir daha minnətdarlığımızı bildiririk".