AFFA çempionat oyunlarında əvəzetmə sayının 5-ə yüksəldilməsi ilə bağlı açıqlama yayıb.
Sportnet.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum daha öncədən əvəzetmə sayının artırılmasına icazə verilməsi barədə FIFA-ya müraciət etdiyini xatırladıb.
"Məlumata görə, AFFA ilə yanaşı, bir neçə digər milli assosiasiya da FIFA-ya eyni məzmunlu müraciət edib. AFFA-ya bu gün daxil olan məlumatda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən daxili çempionatlarda əvəzetmə sayının 5-ə qədər yüksəldilməsinə icazə verildiyi və bununla bağlı yekun qərarın qəbul olunmasının milli assosiasiyaların səlahiyyətində olması bildirilir. Premyer Liqada oyunların bərpa olunacağı halda bu məsələ AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilməsi ehtimal olunan növbəti iclasında müzakirəyə çıxarılacaq" - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, AFFA daha öncə Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib.
Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.