"Bura gəldiyim ilk gündən hər şey normal və qaydasında gedir. Komanda yoldaşlarım, klubun əməkdaşları və azarkeşlər davamlı olaraq mənə öz sevgilərini göstərirlər".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin futbolçusu Yaovi Akakpo "africexpress-sport"a müsahibəsində komandadakı durumu barədə danışarkən deyib.
Toqolu yarımmüdafiəçi bildirib ki, əyalət təmsilçisində özünü rahat hiss edir: "Çünki ilk dəfə məhz bu klub mənə peşəkar müqavilə təklif etdi. Buna görə onlara təşəkkür etməyə bilmərəm".
Cari mövsüm üçün şəxsi hədəflərindən də söz açan 21 yaşlı oyunçu qarşısına ciddi məqsədlər qoyduğunu deyib: "İlk növbədə, start heyətdə yerimi möhkəmlətmək, daha sonra azarkeşlərimizi sevindirmək üçün nəyə qadir olduğumu nümayiş etdirmək istəyirəm".
Afrikalı legioner əsas məqsədinin daha yaxşı komandada çıxış etməkdən ibarət olduğunu da vurğulayıb: "Kiçik yaşlarımdan hədəflərimə çatmaq üçün müəyyən yol tutmuşam. Bütün futbolçular kimi daha nüfuzlu klublarda oynamaq istəyirəm. Təbii ki, "Qəbələ"yə də hörmət edirəm".
Qeyd edək ki, Yaovi Akakpo qışda "Qəbələ" ilə 2,5 illik müqavilə imzalayıb.