İspaniyada futbol liqaları Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete"nin oyunu ilə başlaya bilər.
Sportnet.az-ın məlumatına görə, bu komandanın Sequndanın XX turunda "Rayo Valyekano" ilə səfər qarşılaşması 15 dekabr 2019-cu ildən təxirə salınıb. Həmin vaxt matçın ilk yarısı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Fasilədən sonra isə "Albasete" meydana çıxmaqdan imtina edib. Səbəb kimi İsrafilovun komanda yoldaşı Roman Zozulyanı yerli fanatların təhqir etmələri göstərilib. Onlar Zozulyanı Ukrayna ordusuna dəstək verdiyi üçün nasist adlandırıblar.
İstaniya Kral Futbol Federasiyası "Rayo Valyekano"nu 18 min avro cərimələyib. Klub qərardan Beynəlxalq İdman Arbitraj Məhkəməsinə şikayət edib. İspaniyada liqaların bərpası iyunun 12-nə təyin olunsa da, təxirə salınmış qarşılaşmanın ikinci hissəsinin iyunun 9-da təşkili nəzərdə tutulub.