Ermənistanın "Ararat" klubunun qapıçısı Aleksandr Podşivalov və kapitanı Xoren Oqanesyan 1985-ci il SSRİ çempionatında "Neftçi"yə Bakıda 0:1 hesablı məğlubiyyətdə günahkar biliniblər.
Sportnet.az-ın məlumatına görə, bu barədə rusiyalı sabiq qolkiper "Sputnik Armeniya"ya müsahibəsində açıqlama verib. Podşivalov bildirib ki, onu və Oqanesyanı oyun satmaqda ittiham ediblər. Bu səbəbdən, Oqanesyan Yerevan komandasını tərk etməli olub.
Keçmiş qapıçı ittihamların əsassız olduğunu bildirib: "Məni və Xoriki "Neftçi"yə məğlubiyyətdə günahlandırdılar. Bizə qolu oyunun sonlarında vurdular. Əvvəllər qapıçılara cərimə meydançası daxilində topla çox gəzməyə, müdafiəçiyə ötürmə verib yenidən topu əlinə götürməyə icazə verilirdi. Amma belə alındı ki, meydana vurduğum top auta çıxdı. "Neftçi"nin futbolçuları topu oyuna daxil etdikdən sonra ötürmələrlə qapımıza doğru yaxınlaşaraq, qol vurdular. Bizi oyun satmaqda ittiham etdilər. Qarşılaşmanın ardından Xorik Bakıda sərbəst ayrıldı, komandamızla birgə uçmadı. Amma əminliklə və əlimi ürəyimə qoyaraq deyə bilərəm ki, oyun təmiz idi. Ümumiyyətlə, hansı oyun satmaqdan söhbət gedə bilərdi? Bu komandalar prinsipial rəqiblər idilər. "Neftçi" - "Ararat" qarşılaşması həmin dövrün derbisi sayılırdı".
Podşivalovun fikrincə, Oqanesyan kimi lider oyunçunun qovulması yuxarı səviyyədə həllini tapıb: "Ermənilər də çılğın insanlardırlar. Ola bilsin, Xorikin özü də hər şeyə tüpürüb və "gedirəm" deyib. Bilmirəm".
Qeyd edək ki, 1985-ci il aprelin 21-də Respublika stadionunda keçirilmiş matç "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 88-ci dəqiqədə Mahallah Əhmədov vurub. Qol epizodunu alqışlaması səbəbindən Xoren Oqanesyan oyunu satmaqda ittiham olunub. O, "Ararat"dan kənarlaşdırıldıqdan sonra heç bir komandaya keçə bilməyib. Ermənistan rəhbərliyi mətbuat vasitəsilə Oqanesyanı gözdənsalma kampaniyası həyata keçirib. Sabiq kapitan yalnız iki ildən sonra zavod komandası "İskra"da oynayan məşqçi kimi fəaliyyət göstərərək, Ermənistan çempionu olub.