Almaniyanın "Bavariya" klubu tarixində 6-cı dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Sportnet.az-ın məlumatına görə, Münhen təmsilçisi 11-ci dəfə çıxdığı həlledici qarşılaşmada Fransa PSJ-sini məğlubiyyətə uğradıb - 1:0. Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luş" stadionunda keçirilmiş görüşdə yeganə qolu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Fransalı yarımmüdafiəçi yetirməsi olduğu klubu məyus edib.
Bununla da Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv 7 ildən sonra Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib.
Çempionlar Liqasının bombardiri adına isə "Bavariya"nın hücumçusu Robert Levandovski sahib olub. O, 11 oyuna 2-si penaltidən olmaqla, 15 qol vurub və 6 məhsuldar ötürmə verib. Polşalı forvarda 2013/2014 mövsümünün bombardiri olmuş Kriştianu Ronaldunun rekordunu təkrarlamaq üçün 2 top çatmayıb.
Digər tərəfdən, 1998-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının final matçı 1:0 hesablı nəticə ilə yekunlaşıb. 22 il əvvəl finalda İspaniya "Real Madrid"i İtaliya "Yuventus"unu bu hesabla yenib.
Qeyd edək ki, avqustun 21-də İspaniya "Sevilya"sı finalda İtaliya "İnter"ini 3:2 hesabı ilə yenərək, Avropa Liqasının qalibi olub. Beləliklə, sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da "Bavariya" və "Sevilya" arasında UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
"Bavariya" daha əvvəl 1974, 1975, 1976, 2001 və 2013-cü illərdə Çempionlar Liqasını qazanıb.
---------------------------
Bu gün UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabondakı görüşdə Fransanın PSJ komandası ilə Almaniya "Bavariya"sı üz-üzə gələcək. İtaliyalı Daniele Orsatonun idarəyə edəcəyi matç "Estadio da Luş" stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu oyun komandaların avrokuboklarda 9-cu dueli olacaq. PSJ və "Bavariya" indiyədək Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanıb. PSJ-nin 12 qoluna, "Barvariya" 11 topla cavab verib.
PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindədir. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə ÇL-də finala yüksəlib. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcək.
5 dəfə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münhen təmsilçisi 6-cı dəfə də istəyini gerçəkləşdirsə, İngiltərə "Liverpul"u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olacaq.
Bu oyun həmçinin Çempionlar Liqasının finalları tarixində ikinci alman-fransız dueli olacaq. İlk dəfə "Bavariya" 1975/1976 mövsümündə "Sent-Etyen"i 1:0 hesabı ilə üstələyib.
23 avqust
Çempionlar Liqası, final
23:00 PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
Qol: Kinqsli Koman, 59
Baş hakim: Daniele Orsato (İtaliya)
"Estadio da Luş" stadionu.