
Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Zirə"ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hər iki qol birinci hissədə vurulub. 3-cü dəqiqədə meydan sahiblərindən Asif Məmmədov hesabı açıb. 28-ci dəqiqədə isə Ağabala Ramazanov bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə qonaq komandadan Hacıağa Hacılı kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.
Bununla da Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi qismində ilk rəsmi matçından 1 xalla ayrılıb. Bu, ilk turun heç-heçə ilə yekunlaşan yeganə oyunu olub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Səbail"ə 2:1, "Qarabağ" "Sabah"a 2:0, "Keşlə" isə səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.
----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında I tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə 1 qarşılaşma gerçəkləşəcək. "Zirə" yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi görüşünü "Qəbələ"yə qarşı keçirəcək.
İndiyədək çempionatda 19 dəfə qarşılaşan tərəflərin duellərində əyalət təmsilçisi daha çox - 7 dəfə qələbə qazanıb. 8 görüş heç-heçə bitibsə, 4 oyunda "qartallar" qalib gəliblər. Topların fərqi də "qırmızı-qaralar"ın xeyirinədir - 24:16.
Son 6 görüşdə uduzmayan “Qəbələ” 5 matçdır meydanı qolsuz tərk etmir. “Zirə” isə səfərdə 7 oyundur qalib gəlmir.
Azərbaycan Premyer Liqası
I tur
23 avqust (bazar)
19:00. "Qəbələ" – "Zirə" - 1:1
Qollar: Asif Məmmədov, 3 - Ağabala Ramazanov, 28
Qırmızı vərəqə: Hacıağa Hacılı, 90+1 ("Zirə")
Hakimlər: Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə avqustun 21-də start verilib. Açılış turunda "Keşlə" səfərdə "Sumqayıt"ı 1:0, "Neftçi" isə evdə "Səbail"i 2:1 hesabı ilə məğlub edib. Avqustun 22-də keçirilmiş "Qarabağ" - "Sabah" matçında isə son çempion inamlı qələbə qazanıb - 2:0.