“Uzun müddətdən sonra futbolun qayıtması həm bizi, həm sizi sevindirir. Əlbəttə, asan olmayacağını bilirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis gələcəkdə daha güclü komandaya çevriləcəklərinə inam ifadə edib: "Hər məşqdə hiss edirik ki, futbolçular əvvəlki formalarına qayıdırlar. Çatışmazlıqlarımız olsa da, ümid edirik ki, vaxt keçdikcə daha güclü “Qəbələ” görəcəyik".
İlk oyunun həmişə çətin olduğunu söyləyən Baxşıyev həm “Qəbələ”, həm də “Zirə”nin hücumameylli futbol oynadığını vurğulayıb: "Matçın ən ədalətli nəticəsi kimi heç-heçəni görürəm. Hər iki komandanın şansları var idi. İnanıram ki, getdikcə daha da komplektləşləşəcək, komanda kimi formalaşacaq və yaxşı oyun nümayiş etdirəcəyik".
Baş məşqçi "Qəbələ"nin güclənməyə ehtiyacının olduğunu da diqqətə çatdırıb. O, rəhbərliyə də müvafiq xahişini çatdırdığını xatırladıb: "Qarşıdakı günlərdə yeni oyunçuların gəlmələri gündəmdədir. Hələlik gedən futbolçuların yerini doldurmaq istəyirik. İvitsa Juniç getdi və onun yerinə Yurgen Qoca gəldi. Klesio Bauk və Fernan Lopesin yerini doldura bilməmişik. Bu yöndə işlər davam edir. Nikolas Raysel çox keyfiyyətli futbolçudur. O, hücumameylli zonaların hər birində oynamağı bacarır. Verilən tapşırıqları layiqincə yerinə yetirir. Bugünkü matçda rəqibə uyğun sxem seçmişdik və onun hücumun arxasında oynaması lazım idi”.