
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, II dövrənin sonuncu matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib.
"ASK Arena"dakı qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 3-cü dəqiqədə Tellur Mütəllimov paytaxt təmsilçisini məyus edib.
"Keşlə" 38-ci dəqiqədə azlıqda qalıb. Elçin Mustafayev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
59-cu dəqiqədə isə "Sumqayıt"ın yeni transferi Höccət Haqverdi zədələnib. 28 yaşlı müdafiəçinin yerinə meydana Elvin Bədəlov daxil olub.
"Sumqayıt" qələbə sayəsində xallarının sayını 19-a çatdırıb və 4-cü pillədəki mövqeyini möhkəmləndirib. "Keşlə" isə 13 xalla 7-ci sıradadır.
Qeyd edək ki, turun ilk 3 oyununda "Zirə" evdə Qəbələ"ni 2:0, "Neftçi" səfərdə "Səbail"i 3:1, "Qarabağ" isə "Sabah"ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
-----------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun son oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "ASK Arena"da "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Hazırda paytaxt klubu 13 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi isə 16 xalla 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri qələbə qazanacaqları təqdirdə, 4-cü pilləyə yüksələcəklər. Çünki "Keşlə" ilk dövrədəki səfər qarşılaşmasında da "Sumqayıt"ı məğlub edib - 1:0. Qonaqlara isə qələbə ilk "3-lük"dən daha da uzaqlaşmamaq baxımından vacibdir.
Bu komandalar indiyədək 32 dəfə üz-üzə gəliblər. Oyunların yarısında "Keşlə" qalib gəlib. "Sumqayıt" 7 qələbə qazandığı halda, 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də paytaxt komandası öndədir - 49:31.
Digər tərəfdən, “Sumqayıt” bugünkü rəqibi üzərində 4 oyundur qələbə qazana bilmir. “Keşlə”nin son 5 ev qarşılaşmasında hər iki komanda qol vurub. Paytaxtdakı son 4 qarşılaşmada eyni hesab variantı qeydə alınsa da, hər komanda iki dəfə qalib gəlib.
Azərbaycan Premyer Liqası, XIV tur
22 yanvar (cümə)
16:00. "Keşlə" - "Sumqayıt" - 0:1
Qol: Tellur Mütəllimov, 3
Qırmızı vərəqə: Elçin Mustafayev, 39 ("Keşlə")
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"ASK Arena"
Qeyd edək ki, turun ilk 3 oyununda evdə "Zirə" Qəbələ"ni 2:0, səfərdə "Neftçi" "Səbail"i 3:1, "Qarabağ" isə "Sabah"ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.