Azərbaycan Premyer Liqasının 2020/2021 mövsümündə ilk dəfə “Qəbələ”nin lehinə penalti təyin olunub. Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVII turun “Sabah”la görüşündə (2:2) gerçəkləşib.
Nikolas Raysel ikinci hissədə təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Mövsümün əvvəlki 26 turunda belə imkan əldə etməyən “qırmızı-qaralar” sonuncu dəfə ötən çempionatda penalti vurub. Bu, yarımçıq dayandırılan 2019/2020 mövsümünün sonuncu – XX turunda baş verib. 2020-ci il martın 7-də “Sumqayıt”la ev oyununda (5:0) Nikolas Raysel qonaqları məyus edib. Beləliklə, “Qəbələ” 433 gündən sonra çempionat oyununda penalti vurub və 11 metrlik cərimə zərbəsini yenə eyni futbolçu yerinə yetirib.
“Qırmızı-qaralar” həm də mövsüm ərzində qazanılan belə şanslara görə antirekordla üzləşib. 2006/2007 mövsümündən yüksək liqada çıxış edən komanda hər çempionatda ən azı 2 penalti vurub. Cari mövsümdə isə 27 matçda yalnız bir belə imkan əldə edib.
2006/2007 – 3 penalti (2-si qeyri-dəqiq)
2007/2008 – 3 (1)
2008/2009 – 6 (1)
2009/2010 – 4
2010/2011 – 3
2011/2012 – 3 (1)
2012/2013 – 6 (3)
2013/2014 – 6 (2)
2014/2015 – 6
2015/2016 – 5 (1)
2016/2017 – 4 (1)
2017/2018 – 3
2018/2019 – 2
2019/2020 – 2
2020/2021 – 1
Ümumilikdə, Premyer Liqada 57 penalti vuran “Qəbələ” 45 dəfə qol sevinci yaşayıb. 11 metrlik cərimə zərbələri ən yaxşı icra edən futbolçu Cavid Hüseynovdur. O, 8 imkanın hamısını qola çevirib. 100 faizlik göstəriciyə malik oyunçulardan Deon Bartonla Aleksey Qay hərəyə 4, Nikolas Raysellə Filip Ozobiç hərəyə 3 dəfə fərqlənib.