“Azərbaycan futbolunda Gəncənin xüsusi yeri var. Bu mənada “Kəpəz” futbolumuzun göz bəbəyi, ad qoymuş bir klubdur”.
Sportnet.az-ın məlumatına görə, bunu “Kəpəz”in yeni transferi Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlamasında deyib.
31 yaşlı yarımmüdafiəçi I divizion təmsilçisinə uğur qazanmaq üçün gəldiyini bildirib: “Sarı-göylər”in aşağı dəstədə oynaması qəbuledilməzdir. “Kəpəz” elitada çıxış etməlidir. İnşallah, bunun reallaşması üçün çalışacağıq, elə ona görə də buradayıq. Komandanı əvvəlki vaxtlarına qaytarmalıyıq. Əlimizdən nə gəlirsə, onun artığını edib kollektivin ənənəsini bərpa edəcəyik".
İmamverdiyev Gəncə klubuna keçməklə geri addım atmadığını düşünür: "Əksinə, karyeramda yeni səhifə başlayır. İnanıram ki, burada növbəti uğurumu qazanacağam. “Kəpəz”də böyük futbolçular oynayıb. Mən də bura vaxt keçirməyə gəlməmişəm. Adımı komandanın tarixinə yazdırmaq istəyirəm. Çoxsaylı azarkeşlərimizin də dəstəyi ilə məqsədimizə çatacağıq. Mənə inanan, etimad göstərən klub rəhbərliyinə, baş məşqçimiz Yaşar Vahabzadəyə minnətdaram”.