Seymur TURAN
AFFA Hakimlər Komitəsinin əvvəlki sədri Xaqani Məmmədovdan müsahibələrdən birində soruşmuşdum: Niyə Azərbaycan referiləri xırda follarla oyunun tempini öldürürlər? Cavabında isə demişdi ki, bizdə oyunu avartaja buraxmaq mümkün deyil. Çünki dərhal etirazlar başlayacaq ki, orda da burdakı kimi kobud oynamışdılar, amma sən orda oyunu saxlamadın, burda saxladın.
Azərbaycan Kubokunda "Sabah" və "Neftçi" arasındakı 1/4 final mərhələsinin cavab oyununda da buna bənzər olaylar yaşandı. Bilmirəm indi Xaqani Məmmədov "İdman TV"də bu oyun barədə danışacaq, ya yox? Yaxud yadanışsa, nə deyəcək? Amma görüşün baş hakimi Rəvan Həmzəzadənin belə bir vacib oyunda idarəçiliyi ilk dəqiqələrdən təqdirəlayiq idi. Hər epizodda oyunu saxlamaması meydanda həqiqətən də sürətli oyunun getməsinə gətirib çıxarmışdı.
Bu cür hallarda dəfələrlə müşahidə etmişəm ki, meydanda mübarizə qızışır, futbolçuların sərt oyunu kobudluğa keçir və bir çox hallarda komandalar arasında münaqişələrə gətirib çıxarır. "Sabah" - "Neftçi" oyunu da istisna olmadı. Qonaqlar artıq 3:1 hesabı ilə öndə idilər və matçın final fitinə uzağı 20 dəqiqə qalardı. Bu müddətdə meydan sahiblərinin belə ciddi fərqi aradan qaldıracağı oyunun gedişinə əsasən də inandırıcı görünmürdü.
Belə bir məqamda Eddi İsrafilovun Aleksey İsayevə qarşı sərt oyunu əsəblərin tarımlaşmasına səbəb oldu. Hətta həmin epizodda da Həmzəzadə oyunu avantaja buraxdı ki, "Sabah"ın sürətli hücumu davam etsin. Bu anda İsayev durub neylədi? İsrafilovun üstünə cumub onu sinəsindən vuraraq yerə sərdi. Bu anadək baş hakim hücumun tamamlanmasından sonra "Neftçi"nin yarımmüdafiəçisinə sarı vərəqə göstərməyi düşünürdüsə, belə reaksiyanı gördükdən sonra məcburən oyunu dayandırdı. Hadisə yerinə digər futbolçular da gəldilər, hətta "Sabah"ın qapıçısı Səlahət Ağayev də özünü yetirdi və keçmiş komanda yoldaşı Voislav Stankoviçi sərt formada iki dəfə itələdi. Yəni, az qala onu vurmaq istədi.
"Sabah"ın oyunçularının belə aqressiv davranışları ilə iş bitsəydi, dərd yarı idi. Elə bu an komandanın baş məşqçisi Murad Musayev "Mən də varam" deyərək meydana atıldı. Baş hakimə müxtəlif jestlər göstərib onu özündən çıxarmağa vadar etdi. Həmzəzadə də onun cavabını layiqincə verdi: "qırmızı"sını verib göndərdi.
"Sabah" klubu indiyədək bir sıra qeyri-peşəkar davranışları ilə dillərdə dastan olub. Amma bu dərəcədə də yox da... Təsəvvür edin ki, "Neftçi"nin futbolçusu Azər Salahlıya qolu yanında olduğu vaxt top dəydiyi üçün penalti istəyirlər. Xaqani Məmmədov demişkən, axı orda top əli tapıb, əl topu yox. Belə penaltini istəməyin özü belə gülməlidir.
Bu klubun illərdir milyonları havaya sovurduğu göz önündədir. Hər dəfə bir bəhanə ilə özlərini təmizə çıxarmağa çalışırdılar. İndi də sonuncu varianta əl ataraq, hakimlikdən şikayətlənməyə başlayıblar. Görəsən, "Sabah"ın əli haranı tapacaq?