Bakı Olimpiya Stadionunda Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendinin futbol üzrə Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin imzalanma mərasimi keçirilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müqaviləni “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov imzalayıblar. Ölkədə idmanın kütləviləşməsi yönündə dəstək göstərən “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı Misli Premyer Liqası adlanacaq.
Əməkdaşlığın önəmindən bəhs edən AFFA-nın prezidenti Rövnəq Abdullayev razılaşmanın futbolun inkişafına daha da təkan verəcəyini bildirib, Misli Premyer Liqasının futbolun populyarlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Mərasimdə çıxış edən “Demirören Holding” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Demirören Mislinin Azərbaycan Premyer Liqasının baş sponsoru olması ilə ölkə futbolunun inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, “Misli” hər zaman idmanın tərəqqisinə diqqət və qayğı göstərərək bu yolda dövlətin prioritet siyasətinə dəstək olmağa davam edəcək.