"İlk növbədə, tovuzlu azarkeşləri salamlayıram. Bu torpaqlar üçün çox darıxmışdım. Karyeramın ilk addımlarını məhz bu stadionda atmışdım. Əldə etdiklərimin bir çoxuna görə bu şəhərə, bu torpağa və bu stadiona çox borcluyam. Onlar üçün darıxmışdıq və qarşılarına baş məşqçi kimi çıxmağıma çox sevindim".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Turan Tovuz"a 3:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının VIII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, komandası ötən tur "Qarabağ"a 1:7 hesabı ilə uduzduğu ev və bu tur əsas rəqiblərindən olan "Qəbələ"nin "Səbail"ə son dəqiqədə qələbə topunu vurduğu səfər matçında psixoloji zərbə alıb. "Turan Tovuz"la qarşılaşmada isə o, isti hava üzündən süni ot örtüyünün oynamaq üçün çox pis hala düşdüyünü vurğulayıb: "Digər tərəfddən, rəqib öz meydanında çıxış edirdi. Yəni, bir çox maneələrimiz var idi. Bura çönən topdan qol buraxdığımızı da gəlsək, qalib gəldiyimiz üçün futbolçularımla fəxr edirəm. Bu gün məni qürurlandırdılar. Bu qədər problemə, psixoloji cəhətdən ağır duruma baxmayaraq, özlərində güc taparaq oyunu həm nəticə, həm də gedişat baxımından xeyrimizə dəyişə bildilər. Nəzərə alsaq ki, "Turan Tovuz" burada yalnız "Qəbələ" və "Sabah"a uduzmuş, 4 oyunda isə qapısında qol görməmişdi. Ayxan Abbasovun təcrübəsini də bilirik, "Turan Tovuz" çox möhkəm komandadır. Çox önəmli və strateji matçda qələbə qazanmağımıza sevinirəm".
Sadıqov ilk qolu buraxdıqdan sonra xarakter sayəsində nəticəni öz xeyirlərinə dəyişdiklərini də vurğulayıb: "Belə məqamlarda yalnız və yalnız xarakter işləməlidir. Bu qədər problemin üstündə qol da buraxırsan. Xarakteri isə futbolçularımız göstərdilər. Mən komandama hansı hesabla uduzsalar belə, həmişə güvənir və daim istəyirəm ki, layiq olduqları yerlərdə olsunlar, layiq olduqları futbolu oynasınlar, gördükləri işdən həzz alsınlar. Çox vacib qələbədir. Qarşıda bizi bir-birindən daha vacib, kritik oyunlar gözləyir. Bu mövsüm çempionat həqiqətən də daha ağır, daha gərgin, daha çətin, marafon isə daha uzundur".