Qadın futbolçulardan ibarət komandalar arasında “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Türkiyə qarşılaşmasından sonra millimizin baş məşqçisi Siyasət Əsgərov görüşlə bağlı fikirlərini bildirib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatan görüşdə birinci hissədə yaxşı oynamadıqlarını etiraf edib:
“Aprelin 3-dən birlikdə məşq edirik. Bugünədək yaxşı hazırlıq keçmişik. Hər zaman demişəm, bu cür yoldaşlıq oyunları komandamızın inkişafı üçün çox önəmlidir. Etiraf etmək lazımdır ki, oyuna yaxşı başlamadıq. Türkiyə millisi bundan məharətlə istifadə edib, erkən dəqiqələrdə hesabı açdı. Fasiləyədək nə qədər cəhd etsək də, hesabı bərabərləşdirə bilmədik. İkinci hissə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirmək şanslarımız var idi. Fürsətləri dəyərləndirə bilmədik. İlk oyunu analiz edib, səhvlərimiz müəyyənləşdirəcəyik. Səhvlərimiz üzərində çalışıb, ikinci oyuna daha fərqli çıxacağıq. Məqsədimiz qələbə qazanmaqdır”.