"Bu gün iki xal itirdik. Qələbə qazanmağa layiq idik".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXXI tur oyunundan sonra mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis sürətli hücumlarının olduğunu bildirib: "Çox yaxşı oyun izlədik. Qarşılıqlı hücumlar şəraitində keçən futbol oldu. Komandama təşəkkür edirəm, keyfiyyətli oyun oynadıq. Bu vaxtadək heç bu qədər qol imkanı yaratmamışdıq. Oyunçularıma etirazım yox idi. Üç xala çox yaxın idik. Real qol vəziyyətlərimiz daha çox idi. Qazanılan bir xal da bizim üçün qızıla bərabərdir. Hər xal bizi uğura aparır. Premyer Liqada qalmaq üçün komandaya inamım daha da artıb. Futbolçuların oyuna yanaşması məni razı salır. Bir az da artıracağıq və istədiyimiz nəticəni qazana biləcəyik".