Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aqil Nəbiyevin Özbəkistan səfərinin yekunlarına dair Sportnet.az-a müsahibəsi:
- Hazırlıq prosesini necə dəyərləndirirsiniz? Və keçirdiyiniz oyunlar haqda nə düşünürsünüz?
Bizim üçün biraz çətin səfər idi, çünki 11 əsas oyunçumuz yox idi. Bəziləri hərbi xidmətdə, bəzilərinin passport problemi. 2 əsas futbolçumuz zədəli idi. Bu bir neçə ay öncədən planlaşdırılmış oyun idi, buna görə biz mütləq oyuna çıxmalıydıq. Rəqib həqiqətən keyfiyyətli idi. 2 il yarımdır milli komandadayam, bu vaxta qədər oynadığım ən yaxşı rəqib idi. İstər futbolçularının fiziki durumu olsun, istərsə də fərdi keyfiyyətləri olsun. Təbii ki, hazırlıq oyununda nəticə o qədər də önəmli olmasa da, biz də Avropa öncəsi istəyirdik ki, uşaqlarda nələrisə artıq görək. Müxtəlif variantlar var idi ki, onları yoxlayıb, Avropaya tam hazır səviyyədə yollanaq. Ona görə də, dünən 68-ci dəqiqəyə kimi hesab 0:0 olanda, çox dəyişikliklər elədik və 22 dəqiqəyə 4 top buraxdıq. Bu bir bəhanə deyil, çünki bizim geniş seçimimiz də yoxdur. Birdən birə futbolçuların çoxunun sıradan çıxmaları, bizi çıxılmaz vəziyyətə qoydu. Onları əvəz edəcək futbolçular tapmalıyıq. Biz Avropaya əlimizi-qolumuzu sallamağa getmirik. İstəyirik ki, qrupdan çıxaq, ilk 2 yerdən birini tutaq. Çətin də olsa inanıram ki, biz bunu bacaracayıq. Sıxıntalırımız heyətlə bağlıdır. Bu barədə çox çətinlik çəkirik.
- Rəqiblərinizi necə dəyərləndirirsiniz?
Rəqiblərimiz Bosniya, Niderland və Lüksemburqdur. Hər 3 rəqib çox keyfiyyətlidir. Lüksemburqun son illərdəki inkişafı göz önündədir. Heyətlərindən 5 nəfər artıq U20-yə dəvət alıb və 1 nəfər artıq əsas millidədir. Məğlubedilməz komanda yoxdur. Çətin də olsa, istəyirik ki, yaxşı yerlərdən birini tutaq.
- Komandanı qəbul edəndə bilirdiniz ki, əsgərlik problemi ilə üzləşəssiniz? Olmazdı ali təhsil alan futbolçular cəlb olunardı komandaya?
Seçimimiz geniş deyil. Bu futbolçularla mən 2021-ci ildən birlikdəyəm. Amma bu məqam gözlənilməz oldu. Birdən birə bu hadisənin baş verməyi planlara daxil deyildi. Planlarımıza əsasən uşaqlar Milli Ordu İdman Klubunda oynamağa davam edəcəkdilər. Müxtəlif variantlar üzərində düşünürük. Lakin uzun müddət bir yerdə olduğumuz uşaqlarla bu vəziyyətə düşməyimiz yaxşı olmadı. Bu tək hərbi ilə bağlı deyil. Dediyim kimi gözlənilməz zədələrimiz oldu. Çalışıb Avropaya qədər bütün problemləri həll edəcəyik.
- Qapınıza 7 qol vurulub, siz 1 qol belə vura bilmədiniz. Hücum xəttində olan problem nə ilə əlaqəlidir?
İlk oyunda rəqibdən daha çox qol imkanlarımız oldu. Rəqib bizim qapımıza 4 qoldan 3-ünü standart vəziyyətdən vurub. Biz standart vəziyyətlərdə sıxıntılar yaşayırıq. Amma onu deyə bilərəm ki, imkanlarımız çox oldu. Məsəl üçün, ilk oyunda 5 dənə 100 də 100 epizodlarımız oldu. Artıq bunlar biz məşqçilərin işi deyil. Son nöqtəni futbolçu meydanda qoymağı bacarmalıdır. Əgər imkanlarımız olmasa, biz deyə bilərik ki, problem məşqçilərdədir. Zamanla uşaqlar təcrübə yığıb, uğur qazanacaqlar.
- Əsas milliyə və ya U21 üçün layiqli futbolçularınız var?
Var. 11 nəfərin 7-si ilk 11-lik futbolçular idi. Bununla belə, bir neçə futbolçu var ki, gələcəkdə milli komandaya gedəcək. Ad çəkmək istəmirəm. Yanaşma yaxşı çıxmaz. Hazırda heyətdə perspektivli futbolçularımız kifayət qədərdir.
- Yaz aylarından bəri uşaq komandaları Olimpiya Komplekslərinə davamlı olaraq səfər edirlər. Uşaqlar valideynləri ilə gəlib həm istirahət edib həm də oyunlar keçirirlər. Bu qədər uşaq komandaları var ikən, seçim imkanları niyə az olsun?
Gəlin oturaq siyahıya baxaq görək, əvəzedicilər liqasında neçə futbolçu davamlı çıxış edir. 15-16 yaşlara qədər kütləvilik davam edir. Ümumi 21 komandadan əvəzedicilərdə çox az sayda futbolçu oynayır. Bizim heyətdə barmaqla sayılacaq qədər sayda futbolçu ilk 11-də oynayır.
- 16 yaşına gələn futbolçu, niyə sonradan irəli gedə bilmir?
Komanda sayına görə. 15-16 yaşa qədər komanda sayı, kifayət qədərdir. Premyer liqada çıxış etməyən klublar var ki, onların 15-16 yaşlı komandaları var. Premyer liqadan kənar hansı klubun U19 komandası var? Heç birinin. Əvəzedicilərdə də 10 komanda var. Onu demək istəyirəm ki, əvəzedicilərdə bu dəqiqə oynayır 2002, 2003-cü illər. Əsas komandada da az oynayanları bəzən ora salırlar. Amma mən heç vaxt neqativ düşünmürəm. Biz əgər bura təyin olmuşuqsa, çalışıb ən yaxşısını etməliyik.
ELŞƏN MƏMMƏDOV