
"Nəticələr üçün vaxt vacibdir. Səbir və inam da önəmlidir".
Sportnet.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu mətbuat konfransında deyib.
Mütəxəssis komandasının çox tənqid oldunduğunu bildirib: "İstədiyimiz sabit oyun üçün nə qədər vaxt lazım olacaq? Bu sualı cavablandırmaq çətindir. Çalışmalı və çox işləməliyik".
A.Mutu qeyd edib ki, komandadakı bütün futbolçulara eyni şansı verir: "Ən yaxşı formada olan futbolçunu start heyətinə daxil edirik. Hazırda bizə yaxşı nəticələr lazımdır".
O, Yens Anderssonun "Neftçi"nin yeni idman direktoru təyin olunmasına da toxunub: "Biz eyni məqsəd üçün birlikdə çalışmalı və əməkdaşlıq etməliyik. Onun yaxşı nəticələr əldə edəcəyinə inanıram".
Mütəxəssis yeni transfer Reziuan Mirzov haqqında bunları deyib: "Reziuan Mirzovun son matçda göstərdiyi performans məni qane etdi. Nəzərə almalıyıq ki, o, komandaya hazırlıqsız qoşulmuşdu".
A.Mutu sonda Misli Premyer Liqasının 11-ci turunda "Sabah"a qarşı keçirəcəkləri oyun haqqında danışıb: "Rəqib yaxşı komandadır. Onlara qarşı birinci dövrədə oynamışıq. Növbəti matç da ağır keçəcək. Futbolçular sonadək mübarizə aparacaqlar və əlimizdən gələni edəcəyik".