"Ankaragücü"nün prezidenti Faruk Kocanın və digər bir neçə şəxsin hücumuna məruz qalan hakim Halil Umut Meler hadisə haqqında açıqlama verib.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu məsələyə görə "Ankaragücü"nün baş məşqçisi Emre Belözoğlunu günahlandırıb:
"Final fitindən sonra futbolçular təşəkkür etməyə gəldilər. Bu da monitorlarda görünürdü. O vaxt Emre Belözoğlunun əlini, qollarını gördüm. Həmin zaman rəqibin baş məşqçisi İlhan Palut Emre Belözoğlunu dayandırdı. Tam biz nə baş verdiyini anlamağa çalışanda klub prezidenti sol tərəfimdən yumruq vurdu. Bundan sonra olanları xatırlamıram. Çünki artıq yıxılmışdım və mənə zərbə vururdular. Polis nümayəndələri də bunu gözləmirdilər. Bu, gözlənilməz bir hadisə idi. Təhrik edən şəxs Emre Belözoğlu idi. Bu, açıq-aşkar görünürdü. Yumruq atan şəxst yazılı şəkildə məndən və ailəmdən üzr istədi. Amma Emre Belözoğlu bunu etmədi".
Qeyd edək ki, “Ankaragücü” klubunun prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Daha sonra F.Koca həbs olunub. Həmçinin o, Türkiyə Futbol Federasiyası tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Ankaragücü" isə 2 milyon türk lirəsi məbləğində cərimələnib. Bundan başqa, komandanın növbəti 5 ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçiriləcək.