"Məncə, hücumda oyunumuz çox yaxşı alındı. Çoxlu qol epizodları yaradırdıq. Heyif ki, birinci hissədə fürsətlərimizi elə də dəyərləndirə bilmədik. Müdafiədə səhvlərimiz çox idi. Onların da bizə yenidən qol vurmağa şansları var idi. Amma biz yaxşı mübarizə apardıq, yaxşı oyun göstərdik. Ona görə də qələbəyə layiq idik”.
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov Qazaxıstan millisi ilə keçirilən yoxlama oyunundan (3:2) sonra jurnalistlərə açıqlamasında deyib.
O, penalti zərbəsini dəqiq yerinə yetirməklə millidəki qollarının sayını 14-ə çatdırıb və Qurban Qurbanovun rekordunu yeniləyib. 32 yaşlı futbolçu bununla bağlı təəssüratlarını bölüşüb: “Buna çox sevindim. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Qol vurmağıma çox kömək edirlər. 27 yaşım olanda gözləmirdim ki, bu saya çata bilərəm, çünki çox da oynamırdım. Sonra qollar daim gəlməyə başladı. Şükür Allaha ki, bu rekorda çatdım. Gələcəkdə çalışacağam ki, komadaya qollarla kömək edim ki, qələbələrimiz də daha çox olsun.
Mahmudov Qurban Qurbanovdan təbrik almadığını söyləyib: "Yox, təbrik etməyib (gülür). Qurban müəllimlə münasibətim yaxşıdır. Bilmirəm, təbrik edər, ya etməz. Hələ onun rekordunu qırmamışam. Amma buna sevinərəm”.
Yarımmüdafiəçi “Millidəki çıxışın sənə “Neftçi”də də uğur gətirə bilərmi?” sualına belə cavab verib: “İnşallah, “Neftçi”də də yaxşı işlər olar. Yaxşı komanda qura bilsək, təkcə mən yox, hamı yaxşı oynayar. Ümid edirəm ki, gələn il daha yaxşı olarıq. Çünki bu il çox bərbad idik. Oyunçular olaraq, ümumi klub olaraq. İnşallah, gələn mövsüm daha yaxşı çıxış etməliyik”.
Mahmudov Albaniya millisinə qarşı məğlubiyyətdən də söz açıb: “Albaniya millisinə qarşı da fürsətlərimiz çox idi, sadəcə yararlana bilmirdik. Amma onlar hər şeydə daha üstündür. Açığı desək, bizdən də, Qazaxıstan millisindən də yaxşıdırlar, çünki Avro 2024-ə gedirlər. Sadəcə çalışmalıyıq ki, vurduğumuz qolları çoxaldaq. Bu gün də belə idi, biz vura bilməyəndə, bizə vururdular. Yenə tez buraxdıq, ikinci qolu da öz səhvimizdən buraxdıq. Bunların hamısını düzəltmək lazımdır”.