“Bizi “Zirə” komandası ilə çox maraqlı oyunlar gözləyir”.
Sportnet.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında “Qəbələ”dən ayrılaraq Moldovanın “Şerif” komandasına keçən Əyyub Allaş Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
Mərakeş əsilli belçikalı yarımmüdafiəçi komandaların şansları ilə bağlı proqnoz verməyin çətin olduğunu bildirib: “Komandaya yeni qoşulduğum üçün indidən nəsə deyə bilmərəm. Amma “Qəbələ”nin heyətində ötən mövsüm “Zirə”yə qarşı oynadığım üçün komandanı yaxşı tanıyıram. Bu, hər il yüksək yerlər uğrunda mübarizə aparan kollektivdir. “Şerif” isə “Zirə”dən fərqli olaraq, avrokuboklarda böyük təcrübəyə malikdir. Fikrimcə, çox gərgin oyun olacaq”.
26 yaşlı futbolçu “Qəbələ”nin Premyer Liqa ilə vidalaşmasına da münasibət bildirib: “Buna görə çox məyus oluram. “Qəbələ” böyük klubdur. Düşünürəm ki, bəzi transferlər komandanın səviyyəsinə uyğun olmadı. Ümid edirəm ki, yenidən elitaya qayıdacaqlar”.
Ə. Allaş Azərbaycanda keçirdiyi günləri unutmayacağını deyib: “Ölkənizdə xoş münasibət gördüm və gözəl insanlarla tanış oldum. Azərbaycanın füsunkar təbiəti var. Qəbələ şəhəri isə inanılmazdır. Hər şeyə görə Azərbaycan xalqına təşəkkür edirəm”.
Qeyd edək ki, “Zirə” “Şerif”ə qarşı ilk oyununu iyulun 11-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.