"Bizim üçün çox vacib bir oyun idi. İlk oyunda səfərdə 5:1 hesablı qələbə qazanmışdıq. Başa düşürdük ki, millimiz Bakıdakı matçda qalib gəlməlidir". Sportnet.az-ın məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov "CBC Sport"a açıqlamasında deyib. O, Hollandiya yığması ilə dünya çempionatının pley-off mərhələsində cavab matçı, qeydə alınan heç-heçə haqda düşüncələrini bölüşüb: "Futzal elə bir sürətli oyundur ki, nəticə hər zaman dəyişə bilər. Əsas odur ki, komandamız oyuna çox ciddi yanaşdı və uduzmamaq üçün son saniyələrədək bütün gücünü qoydu. Ev oyununda məğlub olmamaq çox vacib idi. Təbii ki, uduzsaydıq da, növbəti mərhələyə problemsiz çıxa bilərdik. Ancaq heç-heçə də yaxşı nəticədir və reytinqə də müsbət təsiri var. Oyun bizim üçün çox həyəcanlı idi. Milli komandamızı bu nəticə münasibətilə təbrik edərək minnətdarlığımı bildirirəm. Komanda məqsədə çatdı. Avropa çempionatının final mərhələsində oynamışdı, dünya çempionatına ilk dəfə vəsiqə qazandı. Dörd ay vaxtımız qalıb. Milli komandamız ciddi hazırlıq işləri görməlidir ki, Kolumbiyadakı dünya çempionatında Azərbaycanı layiqincə təmsil etsin".
Məmmədov final mərhələsinə vəsiqə qazanmağı Azərbaycanda futzal üçün müsbət hal olduğunu söyləyib: "Bu, gənc nəslə də müsbət bir mesajdır. Sağlam həyat tərzinə böyük bir çağırışdır. Bu gün azarkeşlərimiz arasında şagirdlər də var idi. Ümid edirəm ki, onların bu oyundan sonra futzala daha böyük stimulları olacaq və gələcək futzal ulduzları olmağa çalışacaqlar. Gördüyünüz kimi, Bakı İdman Sarayında boş yer yox idi və fürsətdən istifadə edib azarkeşlərimizə minnətdarlıq etmək istəyirəm. Meydançanın kənarında da 1000-ə yaxın azarkeş var idi. Azarkeşlərimizin milli komandaya belə dəstək göstərmələri sevindirici haldır".